Vidadi Mahmudlu: “Bildiklərimi danışsam, biabırçılıq olar” - MÜSAHİBƏ
16 sentyabr 2008 11:25 (UTC +04:00)

Vidadi Mahmudlu: “Bildiklərimi danışsam, biabırçılıq olar” - MÜSAHİBƏ

“Sən haradasan?” rubrikasında ikinci qonağımız da hüquqşünasdır. Söhbət Mərkəzi Seçki Komissiyasının sabiq katibi, Müsavat Partiyası Məclisinin sabiq Komissiya sədri, Vəkillər Kollegiyasının hazırkı üzvü Vidadi Mahmudludan gedir.

O, hələ MSK- ya gəlməzdən əvvəl media nümayəndələrinə bir sıra siyasi motivli məhkəmə proseslərindən tanış idi. O, müxalifət nümayəndələri, ictimai xadimlərlə yanaşı, mətbuat orqanalrının da hüquqlarını qoruyur, məhkəmə davalarında qəzetləri yorulmadan müdafiə edirdi. Qəzetlər də ona borclu qalmırdı. Qəhrəmanımızın məşhurlaşması, cəmiyyətə düzgün tərəfdən təqdim edilməsi üçün əlindən gələni əsirgəmədi. Lakin... 2005-ci il parlament seçkilərindən cəmi bir neçə gün sonra cəmiyyətə hələ də tam bəli olmayan səbəblərdən, başda “Yeni Müsavat” olmaqla, mətbuatda sanki cənab Mahmudluya müharibə elan edildi. Səbəbin bəlli olan tərəfi MSK katibinin seçki ilə bağlı son protokola imza atması idi...

Özünə ünvanlanmış radikal bəyanatlara vəkil ya susaraq, ya da təmkinini pozmadan cavab verdi. Müsahibə ərzində bu məsələlərə aydınlıq gətirməyə çalışacağıq. Amma hələ tələsməyək...

Əvvəlcə ənənəvi sual:

- Sən haradasan Vidadi Mahmudlu?

- Mən hazırda çox ürəyimdən olan yerdə – vəkillikdəyəm. Bu peşəni çox sevirəm. MSK-da fəaliyyətdə olanda da mən bu peşə ilə heç vaxt əlaqəmi üzməmişdim. Sadəcə, məhdudlaşdırmışdım. Seçki komissiyasında işimə xitam verəndən sonrada yalnız bu işlə məşğulam. Bu işimi də müəyyən qədər uğurlu hesab edə bilərəm.

- Biz sizi əsasən siyasi, qalmaqallı məhkəmə proseslərində görməyə alışmışıq. Bəs indi hansı işlərə çıxırsız?

- Mən əvvəlcədən də pul qazanmaq, yaşamaq üçün siyasi proseslərdən kənarda da cinayət və mülki işlərə çıxırdım. Sadəcə olaraq, adi insanlarla bağlı məhkəmə prosesləri cəmiyyəti çox maraqlandırmır. Əvvəlki siyasi proseslərdə iştirakımız əsasən ictimai xarakter daşıyırdı. Bunun özü də vəkillik fəaliyyətinin əsas istiqamətlərindən biridir. Bu gün daha çox qeyri-siyasi işlərə çıxıram.

- Bəs əvvəlki siyasi proseslər üçün heç darıxdığınız vaxtlar olur?

- Mən təbiətcə qanun sevən insanam, demokratik dəyərlərə üstünlük verirəm. Bu gün də qanun pozuntularına qarşı mübarizə aparıram. Hesab edirəm ki, əvvəlki fəaliyyətim indiki işimə də müsbət mənada öz təsirini göstərib. Etiraf edək ki, digər işlərdən fərqli olaraq qalmaqallı siyasi işlərdə vəkil cəsarətli olmalı, sözünü yerində deməyi, mətbuatla işləməyi bacarmalıdır. İctimai fikri formalaşdırmağın da işə müəyyən təsiri var. Vəkil kimi formalaşmağımda, hazırkı işlərin də uğura gedib çıxmasında əvvəlki fəaliyyətimin rolu olmamış deyil.

- Artıq neçə illərdi seçki proseslərində fəal, əsasən də alternativ rəy sahibi kimi çıxış edirdiniz. Bu seçki ərəfəsində həyatınızda bir boşluq hiss edirsinizmi?

- Ümumi işə xeyir vermək istəyi hər bir vicdanlı adamda olmalıdır. Təbii ki, bu cür hisslər baş qaldıranda o dövrlərə qayıtmaq, hansısa işdə yararlı olmaq istəyirsən. Amma gördüyün işin bir nəticəsi olmalıdır. Yadımdadır, şəxsən siz 2005-ci il parlament seçkiləri ərəfəsində mənə bir sual vermişdiniz. Mən nəticəsiz qalan işlərdən danışanda siz “bəs yorulmursunuz” deyə soruşdunuz. O vaxt da, sonralar da bu qəfil sual məni xeyli düşündürdü. Uzun illər həvəslə, əziyyətli olsa da yorulmağı düşünmədən, gecə-gündüz oxumaqla, canla-başla bir fəaliyyətlə məşğul olursan, amma uzun illərdən sonra belə nəticə olmayanda insanda inamsızlıq əmələ gəlir. Açıq danışıram, mənə verdiyiniz o sualın qarşısında çox mütəəssir oldum. Doğrudan da sonu görünməyən, nəticə verməyən fəaliyyətlə məşğul olmağın bir faydası varmı?

- Artıq neçə müddətdir ki, MSK-dan və Müsavat Partiyasından getmisiniz. Bundan sonra sizə yaxşı iş və ya vəzifə təklif edən olub?

- Xeyr. Mənim heç belə istəyim də olmayıb. Mən çərçivə sevməyən insanlardanam. Hələ MSK-dan getməmişdən əvvəl də mənim bir neçə dəfə vəzifə almaq imkanlarım olub, amma qəbul etməmişəm. Fikirləşirəm ki, indiki rəsmi hüquqi arenada işləyə bilmərəm. Təkbaşına nə etmək olar ki? Böyük oğlum hüquq fakültəsini əla qiymətlərlə bitirəndə ona Daxili İşlər Nazirliyinə təyinat vermişdilər. O zaman daxili işlər naziri Ramil Usubov dövlət imtahanında iştirak edərək, şəxsən bu təklifi etmişdi. Amma belə qərar gəldik ki, bundan imtina edək. Mənim həyata baxış tərzim övladlarıma da təsir edib. Elə o da hüquqi işlə özəl sahədə çalışır. Düzdür, bir zamanlar Kənd Təsərrüfatı Nazirliyində hüquq şöbəsinin rəisi və icra strukturlarında müəyyən vəzifədə işləmişəm. Amma bunlar sizin nəzərdə tutduğunuz yüksək vəzifələr deyil.

- Çoxları düşünürdü ki, Vidadi Mahmudlu MSK-dan sonra yüksək vəzifəyə gedəcək, təmtəraqlı həyat yaşayacaq...

- Qətiyyən. Heç vaxt belə iddialarım olmayıb. Bir zamanlar məhkəmə sədri olmaq imkanım olub, amma istəmədim. Ola bilər, kimsə məndən belə şeyi gözləyir, amma nahaq...

- MSK-dan gedərkən barənizdə bəzi söz-söhbətlər oldu, bunlar sizə necə təsir etdi?

- Mən MSK-da çox çətin anlar yaşamışam. Ora çətin yerdir. Ora maraqların toqquşduğu, rəngarəng siyasi palitranın mövcud olduğu bir məkandır. Hər hansı məqsədsiz atılmış bir addım hansısa siyasi qüvvəyə xoş gəlirsə, başqa birinə çox pis görsənə bilər. Hamını eyni qaydada razı salmaq olmur. Azərbaycanda siyasət arenasında çox adam haqqında müəyyən xoşagəlməz söhbətlər çıxır və ya uydurulur. Bizdə siyasət məkanında çox maraqlı bir sistem formalaşıb. Məsələn, eyni siyasi təşkilatda kimlərsə bir iş görəndə onun haqqında heç nə deyilmir, amma bir başqasının eyni əməli şişirdilir. İnsanlar sanki doğma və yadlara bölünür. Nə qədər dəyərli bir iş görsən də doğma adama həmişə səndən artıq qiymət verilir. Prezident və parlament seçkiləri dövründəki hadisələri analiz edək. Bu məqamlarda bir çox hadisələr olub. Büdrəmələr olanda da bunu edən insanlara fərqli münasibət olub. 2005-ci ildə də mənə qarşı çox şişirdilmiş münasibət oldu. Təbii ki, bunlar mənə çox pis təsir etdi. Mən uzun illər sanki müharibə şəraitində fəaliyyət göstərmişəm. Bu fəaliyyətimizin əksər hissəsi cəmiyyətə bəlli olmayıb. KİV-də bunun çox cüzi bir hissəsi işıqlanırdı. Gəlin açıq danışaq, mənim hər hansı başqa fikrim olsaydı, indiki mövqeyim, durumum çox fərqli olardı. Hər halda indiki durduğum yerdə yox, başqa məkanda olardım.

- Yəni deyirsiniz, o addımı atarkən başqa niyyətdə olmadığınızı zaman özü sübut edir?

- Bilirsiniz, ola bilər, mən nədəsə səhv edim. Amma buna adekvat reaksiya olmalıdır. Yoxsa, nümayişkanarə şəkildə, söyüşlə, təhqirlə olmamalıydı. Kimsə siyasi səhnəyə gələ və oradan gedə, haradasa yanlışlığa da yol verə bilər. 2005-ci ildə əsasən məni söyən adama bu gün daha ağır ittihamlar irəli sürülür, mətbuat da bu barədə tez-tez yazır. Amma sanki heç nə olmayıb, partiyada da ona bir söz deyən yoxdur. Ola bilsin, mənim siyasətdən birmənalı şəkildə getməyim kimlərinsə xoşuna gəlmədi. Bu prosesdə mənim yorulmağımın, nəticəsizliyin, lazımı dəstək ala bilməməyimin də rolu var idi. İnsanın qüvvəsi tükənməz deyil ki...

- Bəs nədən sizə qarşı kəskin çıxış edənlərə elə o tonda də cavab vermədiniz?

- Ola bilsin, mənə qarşı çıxan şəxs müəyyən qaydaları gözləmir, amma heç vaxt qəbul edə bilmərəm ki, mən də o cür davranam. Mən də kimlərinsə haqqında çox söz deyə bilərəm, pərdəarxası oyunları açaram. Bu fikirlər hansısa qrupun marağından doğa bilər. Ona görə də bunlara heç vaxt üstünlük verməmişəm. Bunu özümə yaraşdırmamışam. Təklif edirəm ki, ən yaxşısı susmaq, səsimizi kəsməkdir. Hər kəs öz eyibini daha yaxşı bilir. Uzun illər çox adamların işinə çıxmışam, cəmiyyətə bəlli olmayan çox məqamlar mənə məlumdur. Bundan başqa, MSK-da bəzi prosesləri müşahidə etmək daha asandır. Kimlərin vaxtilə hansısa mövqedə olduğunu da yaxşı bilirəm. Bilirəm ki, kim kimdən vaxtilə nə istəyib. İndi bunları danışsam, düzgün olmaz, biabırçılıq olar. Bunu özümə yaraşdırmaram. Əslində heç bunları da söyləməməliydim...

- Bəs bu illər ərzində şəxsi həyatınızda bir yenilik olubmu?

- Qeyri-adi heç nə olmayıb. Yalnız böyük oğlumun toyu olub, Allah bütün subaylara qismət etsin. İkinci oğlum da hüquq fakültəsini bitirib, vəssalam. Yenə də mətbuatı, prosesləri izləyirik, dostlar arasında müəyyən müzakirələr aparırıq. Yeri gələndə müsavatçı dostlarla da görüşürük. Bəzən onlar hüquqi yardım üçün müraciət edirlər, mən isə onlardan köməyimi əsirgəmirəm. Siz tanıdığınız Vidadi Mahmudlu olaraq qalıram.

- Yenə də MSK-da vəzifə tutmaq istərdiniz?

- Xeyr. Orada işləmək göründüyü qədər də asan deyil. Seçki çox mürəkkəb məsələdir. Son sözü seçici deməlidir.

Səbinə Əvəzqızı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2638
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar