Uşaqları yeyən “akulalar”
11 sentyabr 2008 19:41 (UTC +04:00)

Uşaqları yeyən “akulalar”

Günahkar kimdir?

Bu günlərdə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Vaqif Əsədovun Lent.az-a verdiyi məlumatda çox maraqlı bir statistika ortaya çıxdı. Məlum oldu ki, cari ilin 8 ayı ərzində baş verən yol qəzalarında 28 nəfər uşaq həlak olub. 139 uşaq və yeniyetmə isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Azərbaycan kimi ölkə üçün bu, böyük statistikadır. Amma ətrafımıza bir qədər diqqət yetirsək, görərik ki, bu şərait və düşüncə ilə həmin qorxunc statistikanı dəyişmək çətin olacaq.

İnkişaf etmiş ölkələrin hamısında 12 yaşadək uşaqların avtomobildə xüsusi oturacaqda oturdulmaması məsuliyyət yaradır. Bizdə isə avtomobillərdə uşaqlar nəinki xüsusi oturacaqda otuzdurulur, heç onlara təhlükəsizlik kəməri belə bağlamırıq. Körpə uşağı ön oturacaqda, hətta sükan arxasında öz qucağında otuzduran sürücülərə çoxumuz rast gəlmişik. 10-12 yaşlı uşaqlara məhəllədə, binaların arasında avtomobil sürməyə icazə verən valideynləri də görürük. Bu vərdişlərin qaldığı halda, biz yol qəzalarında uşaq ölümlərini necə azalda bilərik? Hökumət, ya qeyri-hökumət təşkilatları bu cür problemlərin qarşısını almağa çalışırmı? Uşaq anadan olandan ölkənin vətəndaşlarına çevrilir və onun mühafizəsi ilkin olaraq valideynlərinin, qəyyumlarının üzərinə düşsə də, bu məsələdə dövlətin də görəcəyi işlər var.

Gülər Əhmədova: “İnanın ki, hökumət qarşısında məsələni qaldırıb, onun həllinə çalışacağıq”

Bakının mərkəzində yerləşən bir çox məktəblərin qapısı birbaşa əsas yola açılır. Heç uşaq parklarının qarşısında da uşaqları qəzadan qoruyacaq xüsusi tədbirlərlə rastlaşmırıq. Məsələn, Nobel prospektində yerləşən “Lunapark”ın qarşısında əvvəlllər svetofor var idi və bu, uşaqların yolu keçib parka getmələrini asan və təhlükəsiz edirdi. Prospektdə təmir işləri başlayan kimi həmin nizamlayıcı götürüldü. Parkın işçiləri deyirlər ki, elə bu hadisədən sonra onlar parka girən və ya çıxan bir neçə uşağın sürətlə gələn avtomobillərin təkərləri altında qalmasının şahidi olublar.

Respublika Uşaq Təşkilatının sədri Gülər Əhmədova etiraf edir ki, bu problemlə bağlı hələ də hökumət qarşısında heç bir məsələ qaldırmayıblar: “Bu məsələ doğrudan da çox aktuallaşıb. Amma inanın ki, sizin bu müraciətdən sonra hökumət qarşıısnda məsələni qaldırıb, onun həllinə çalışacağıq”.

Uşaq hüquqları üzrə 80 təşkilatı birləşdirən QHT alyansıın rəhbəri Nabil Seyidov bildirir ki, bu cür problemlərin qarşısını ala biləcək hər hansı ixtisaslaşdırılmış qurum yoxdur: “Bizdə avtomobilçilər birliyi mövcuddur. Təəssüf ki, onların da bu istiqamətdə hər hansı fəaliyyətinə rast gəlmirik. Amma bizim alyans uşaqların mühafizəsi ilə ağlı DYP-yə müraciət edib. 2006-2007-ci illər ərzində yola qəzaları zamanı uşaq ölümlərinin sayı və səbəblərini öyrənməyə çalışdıq, amma nədənsə dəqiq statistika əldə etmək mümkün olmadı. Eyni zamanda, biz DYP-yə bu istiqamətdə əməkdaşlıq təklif etdik”.

Yol Polisi də işə qoşulacaq

N.Seyidov deyir ki, bu məsələdə görüləsi birinci iş DYP əməkdaşları və vətəndaşlar arasında maarifləndirmə aparmaqdır. Onun sözlərinə görə, polislər uşaqların avtomobildə ön oturacaqda, mühafizə kəməri taxmadan oturduğu hallarla rastlaşdıqda mütləq sürücülər barəsində ölçü götürməli və bunun hansı bədbəxt hadisələrə gətirib çıxara biləcəyini izah etməlidir. Təşkilat rəhbəri onu da deyir ki, bu barədə xüsusi televiziya verilişləri də hazırlanmalıdır: “Düzdür, bəzi məqamlarla bağlı roliklər hazırlayıb efirə verirlər, amma bunu bir qədər də artırmaq olar. Digər tərəfdən isə çox təəssüf ki, bu kimi hallarla bağlı statistika yayılmır. Bu statistika əvvəlcə hökumət üçün lazımdır. Çünki onlar vəziyyəti təhlil edib hansısa istiqamətdə tədbirlər görməlidir. Eyni zamanda bu rəqəmlər əhali üçün də vacibdir. Məsələn, əhali bilməlidir ki, 8 ay ərzində 28 uşağın ölməsi, 139-nun isə yaralanması çox böyük rəqəmdir. Bu işdə ən böyük günah valideynlərinin üzərində qalır. Sürücülər hamısı Bakıda uşaqlar üçün xüsusi oturacaq ala bilərlər. Ola bilər ki, bu oturacaqlar bahadır və əhalinin böyük bir hissəsinin bunları almağa imkanı çatmır. Amma heç olmasa mühafizə kəmərindən istifadə etsinlər”.

Narkotika bir bəla...

Uşaqlarımıza təhlükə yalnız yol qəzalarından gəlmir. Azərbaycanda uşaqların narkotik maddə qəbul etməsi və bu maddələrin satışına cəlb edilməsi halları mövcuddur.

Respublika Uşaq Təşkilatının sədri Gülər Əhmədova deyir ki, bu, çox böyük məslədir və bununla bağlı ölkədə ciddi işlər aparılır: “Bir çox agentliklər yaradılıb və onların fəaliyyəti mövcuddur. Çox geniş bir mövzudur. Həm beynəlxalq təşkilatların, həm də yerli dövlət qurumlarının apardığı birgə işlərdən də danışmaq olar. Azərbaycan narkotiklərin satışında tranzit bir ölkə istifadə edilir. Buna görə də belə problemlərlə qarşılaşacağımızı gözləyirdik. Amma bütün vasitələrlə uşaqları bu bəladan qorumağa çalışırıq”.

Naib Seyidov deyir ki, narkotik və s. məsələlərlə bağlı uşaqların müdafiəsi üçün hökumətə hələ 2006-cı ildə xüsusi təkliflər paketi təqdim ediblər. Bu təkliflərdə əsas məsələ kimi Azərbaycanda uşaq müdafiə sisteminin qurulması nəzərdə tutulub. Uşaq müdafiə sistemi dedikdə hal-hazırda yerlərdə fəaliyyət göstərən uşaq qurumları birləşdirilməlidir. Bura ilk növbədə azyaşlılar, psixo-pedoqoji komissiyalar, qəyyumluq orqanları daxildir. Seyidov bildirir ki, bu üç qurum yerlərdə pərakəndə şəkildə və səmərəsiz fəaliyyət göstərir. Hətta təşkilat rəhbəri onları tam fəaliyyətsiz hesab edir. Bu günlərdə təşkilat Azərbaycan prezidentinə müraciət edəcək ki, artıq ölkədə Uşaq Müdafiə Sisteminin qurulması vaxtı gəlib çatıb. Təklif isə əsas budur ki, yuxarıda sadalanan üç rəsmi orqan birləşdirilsin və əsasən yerlərdə sistem qurulsun. Onlar bu sistemi yalnız mərkəzləşdirilmiş bir nazirlik kimi görmək istəmirlər. Naib Seyidov deyir ki, yerlərdə bu məsələlərlə bağlı İcra Hakimiyyətlərinin və ya bələdiyyələrin yanında agentlik, departamentin olması çox vacibdir. Bu qurumlar əsasən uşaqları asudə vaxtının təşkili, hüquqlarının müdafiəsi, onların internatdan ailələrə verilməsi, böhranlı ailələrdə olan uşaqların problemlərinin həlli və sair kimi məsələləri kompleks şəkildə həll etməlidir.

...cinsi zorakılıq da bir problemdir

Alyansın rəhbəri onu da bildirir ki, uşaqların zorakılıqlardan müdafiə olunması da vacib məsələlərdən biridir: “Xüsusilə də cinsi istismar, cinsi, fiziki, psixoloji zorakılıqdan müdafiə etmək üçün nümunəvi milli fəaliyyət proqramı hazırlamışıq. Bu plan Nazirlər Kabineti və adiyyatı orqanlara göndərilib ki, bundan nümunə kimi istifadə edib milli fəaliyyət proqramı hazırlasınlar. Uşaqların internet klublarda bəzi saytlara girməsi və bu vasitə ilə tanışlıqlara cəlb olunması kimi məsələlərə də toxunmuşuq. Azərbaycan hökumətinə əlilliyi olan uşaqların müdafiəsi məqsədi ilə də fəaliyyət planının nümunəsini hazırlayıb təqdim etmişik. Həmin əlil uşaqların tam şəkildə təhsilə cəlb olunması, sağlamlığının mühafizəsi, əlliliyin önlənməsi, bu uşaqların ictimai həyata çıxmasının təmin edilməsi kimi məsələlər də nəzərdən qaçmayıb”.

Hesabat hazırlanacaq

Gələn il yanvar ayından başlayaraq Alyans uşaqların müdafiəsinə dair hesabatlar hazırlayacaq. Belə ki, hər beş ildən bir uşaqların müdafiəsi ilə bağlı BMT-yə hesabat təqdim edilir. Ötən hesabat 2004-cü ildə təqdim olunub. Gələn il isə növbəti hesabatın zamanı yetişir. Hökumətlə bərabər QHT-lər də hesabatı beynəlxalq quruma təqdim etməlidirlər. Seyidov bildirir ki, onlar Azərbaycanda uşaqların bütün sahədə ki, vəziyyətini obyektiv şəkildə araşdırıb, reallığı əks etdirən hesabat hazırlayacaq və Cenevreyə göndərəcəklər.

Səbinə Əvəzqızı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2267
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar