Ukraynanın Luqansk şəhərində azərbaycanlı iş adamı, keçmiş diaspor rəhbəri Şahin Məmmədovun evinə basqın edən dəstənin üzvlərindən saxlanılanlar var.
Luqansk vilayəti Birləşmiş Azərbaycanlılar Konqresindən APA-ya bildirilib ki, dəstə üzvlərindən 2 nəfər saxlanılıb, digərlərinin saxlanılması istiqamətində iş gedir.
İstintaq sirri olduğu üçün saxlanılanların kimliyi hələlik açıqlanmır, lakin onların milliyyətcə rus olduğu, rus mafiyasının üzvləri olduğu bildirilir. Onlardan birinin isə erməni olduğu deyilir.
Hadisədən dərhal sonra atışma nəticəsində əlindən açılan güllə basqınçılardan birini öldürdüyü üçün həbs olunan Ş. Məmmədovun səhhəti ötən gecə ağırlaşıb və onda ənənəvi olan miostaniya xəstəliyinin əlamətləri şiddətlənib. Ş. Məmmədovu təcridxanadan xəstəxanaya köçürüblər.
Qeyd edək ki, ötən il noyabrın 16-da axşam saatlarında Luqanskda Azərbaycan diasporunun keçmiş rəhbəri və hazırkı fəalı, tanınmış iş adamı Ş. Məmmədovun evinə maskalı şəxslər tərəfindən silahlı basqın olub. Baş vermiş atışma nəticəsində
Ş. Məmmədovun açdığı atəşdən basqınçıların biri ölüb. Hadisədən dərhal sonra milis Ş.Məmmədovu oğlu ilə birgə həbs edib. Bir gün sonra oğlu sərbəst buraxılsa da, şəxsi silahından açdığı atəş nəticəsində atışmada adam öldürdüyü üçün Ş. Məmmədov barəsində məhkəmə 3 aylıq həbs-qətimkan tədbiri seçib.