Türkiyədə millət vəkilləri, siyasətçilər, QHT, mətbuat və mediya qurumlarının iştirakı ilə mükafatlandırma mərasimiz keçirilib. Lent.az-ın məlumatına görə, mükafatlandırılanlar arasında olan millət vəkili Qənirə Paşayeva ilin millət vəkili adına və Türk dünyasına xidmət mükafatına layiq görülüb. Mükafatın təqdimatı zamanı bildirilib ki, millət vəkili Qənirə Paşayeva hər zaman özünün fəaliyyətində, beynəlxalq arenalardakı çıxışlarında, yazılarında dünyanın müxtəlif bölgələrində haqları tapdalanan türklərin haqlarının müdafiəsi istiqamətində çalışır,onların problemlərini beynəlxalq tribunalardan səsləndirir, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı və eyni zamanda Azərbaycanın Ermənistan tərəfindən işğal altında olan bölgələrindən köçkün düşmüş köçkünlərin haqlarının müdafiəsi istiqamətində də hər zaman yorulmadan çalışır və Türk Dünyasında ilin ən uğurlu millət vəkili mükafatının ona verilməsi qərarı qəbul edib. Millət vəkili Qənirə Paşayeva mükafatatlandırma zamanı çıxışında deyib:“Mən bu mükafatı bu gün mənim burada ola bilməyim üçün Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü üçün canından keçən şəhidlərimiz, bu günlərdə ön cəbhədə şəhid olan qardaşlarımız, gözəl ölkəm Azərbaycan adına alıram və Allahdan mənə bu cür şərəfli mükafata bütün ömrüm boyu layiq ola bilməyi nəsib etməsini diləyirəm ” Mükafatı aldığı zamanı çıxışında Qənirə Paşayeva topluma örnək olaraq bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib. Bunun üçün isə ilk növbədə bir bizi-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq. Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib. Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayev bu gün Azərbaycan-Türkiyə arasındakı münasibətlərin dünyada analoqu olmayan münasibətlərdən olduğunu və bu cür əməkdaşlıqdan hər iki dövlətimizin gücləndiyini deyib və bunun bir örnək olduğunu da bildirib. Çıxışında Azərbaycanın ən böyük problemi olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından danışan Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır: “Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq.İnşallah, gələn dəfə birlikdə işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə görüşərik”.
Millət vəkili Qənirə Paşayeva çıxışının sonunda tədbirin təşkilatçılarına bu mükafata layiq görülməkdən ayrıca məmun olduğunu bildirib və etimadlarından dolayl təşəkkür edirəm, çalışacam ki, bu etimadı hər zaman doğruldum deyib.