Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Diaspor Məsələlərinə Cavabdeh
Dövlət Qurumları Rəhbərlərinin I Toplantısında sənəd layihəsi ətrafında fikir mübadiləsi aparılıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan nümayəndələr sənəd layihəsinə dair rəy və təkliflərini səsləndiriblər.
Müzakirələrdən sonra yekun sənəd layihəsi qəbul olunub. Layihə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi tərəfindən təsdiqlənib.
Qeyd edək ki, yekun sənəd layihəsində türkdilli ölkələrin əməkdaşlıq şurasına üzv dövlətlərin diaspora məsələlərinə cavabdeh dövlət qurumlarının gələcək əməkdaşlığının əsas istiqamətləri öz əksini tapıb. Sənəd layihəsində Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq strategiyasının müəyyən edilməsi üçün Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının diaspora məsələlərinə cavabdeh dövlət qurumlarının mütəxəssislərindən ibarət Təmas Qrupunun yaradılmasına dair müddəa öz əksini tapıb. Bundan başqa, sənəddə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diaspor təşkilatlarının rəhbərlərinin Forumunun təşkil edilməsi də nəzərdə tutulub. Forumun Azərbaycanda keçirilməsinə dair təklif də sənəddə öz əksini tapmışdır. Təmas Qrupunun fəaliyyəti Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Katibliyi tərəfindən koordinasiya olunacaq. Toplantıda Təmas Qrupunun ilk görüşünün 2013-cü ilin aprel ayında İstanbul şəhərində keçirilməsi qərara alınıb. Eyni zamanda toplantıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının III Sammiti ilə əlaqədar Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diaspor təşkilatlarının rəhbərlərinin I Forumunun 2013-cü ildə Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib.
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diaspor təşkilatları
rəhbərlərinin görüşünün Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin 3-cü Sammitindən öncə müəyyən edilmiş yerdə - 2013-cü ilin may ayında keçirilməsi tövsiyə edilib, Təmas Qrupu tərəfindən hazırlanan hesabat və birgə fəaliyyət planının təsdiqlənməsi üçün Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına təqdim olunması haqqında razılıq əldə olunub.