Yanvarın 25-də Bakıda, Xəzri istirahət mərkəzində Türkiyə Jandarma Qüvvələrinin baş komandanı Bekir Kalyoncu, Daxili Qoşunların komandanı Zakir Həsənov və Qırğızıstan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının komandanı, Sovetbek Arbayevin iştirakı ilə Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyasının (üzv ölkələrin rəsmi adlarının baş hərfləri ilə “TAKM”-red.) yaradılmasına həsr olunmuş şura iclası keçirilib. Mərasimdə iştirak edən daxili işlər naziri Ramil Usubov tədbir iştirakçılarını salamlayıb, qarşıda duran vəzifələrin həllində əməkdaşlığın müstəsna rol oynadığını vurğulayıb.
Daxili Qoşunlar komandanı Zakir Həsənov çıxış edərək Assosiasiyanın yaradılması ilə bağlı son iki ildə aparılmış səmərəli işlər barədə geniş məlumat verib. Komandan yaradılacaq təşkilatın Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustan respublikalarının müvafiq qurumları arasında əməkdaşlıq münasibətlərini genişləndirəcəyini, təlim-tədris prosesinin, hərbi qulluqçuların xidməti fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təcrübə mübadiləsinin aparılmasına və qabaqcıl təcrübənin yayılmasına geniş imkanlar yaradacağını diqqətə çatdırıb. Daha sonra Türkiyə Jandarma Qüvvələrinin baş komandanı, ordu generalı Bekir Kalyoncu və Qırğızıstan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının komandanı, polkovnik Sovetbek Arbayev çıxış etmişlər. Respublikamıza səfər etmələrindən məmnun olduqlarını qeyd edən qonaqlar aidiyyatı qurumlar arasında qarşılıqlı əlaqələrin daha da dərinləşəcəyinə əminliklərini ifadə edib. Qeyd olunub ki, Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyasının yaranmasında əsas məqsəd iştirakçı dövlətlərin aidiyyatı qurumları arasında əlaqələrin möhkəmləndirilməsi, genişləndirilməsi, müasir və səmərəli təşəbbüslərin inkişaf etdirilməsindən ibarətdir.
Çıxışlardan sonra Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyasının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.