NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi yeni "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbçisi Əfqanıstana yola salınıb. Lent.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, 38 əsgər, 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə zabit olmaqla 42 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.
Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.