Siz ilk dəfə Amerika Birləşmiş Ştatlarının prezidenti seçiləndə, çoxları kimi mən də sevindim. Həyatımda bəlkə ilk dəfə idi ki, başqa bir dövlətin rəhbər seçimi məni bu qədər maraqlandırırdı. Müsəlman əsilli bir şəxsin dünyanı idarə edən dövlətin başına keçməsi, sadə insanlarda böyük ümidlər yaratmışdı. Çoxları kimi mən də bir müsəlman əsilli prezidentin dünyada insan qanının axıdılmasına yol verməyəcəyinə, mənim ölkəmə qarşı aparılan ədalətsizliklərə də son qoymağa çalışacağına ümid edirdim.
Amma təəssüf ki, belə olmadı. Bir çox sələfləriniz kimi Siz də kölə olmaq istəməyən dövlətləri, xalqları, millətləri, insanları acımadan “İNSAN HÜQUQLARI” şüarı altında məhv etdiniz, yaxud əzib keçməyə çalışdınız. Gəlin sizin bu absurd şüarınıza Azərbaycan tarixinin son illərdəki qanlı səhifələrini vərəqləməklə nəzər salaq. 1990-cı ilin yanvarında Sovet ordusu mənim ölkəmdə yüzlərlə silahsız insanı vəhşicəsinə qətlə yetirdi. O zaman nə Amerika, nə də sizin insan hüquqlarından dəm vuran təşkilatlarınız səslərini belə çıxartmadılar. Bilirsinizmi niyə? Çünki o vaxt azərbaycanlıların qanını içən Mixail Qorbaçovla sizin siyasi xəttiniz, düşüncələriniz eyni idi. 1992-ci ilin fevralında yenə də rus ordusu erməni terrorçuları ilə birlikdə Azərbaycanın Xocalı şəhərində mülki əhaliyə qarşı bəşəriyyət tarixində misli görünməmiş vəhşiliklər törətdi. Siz buna da göz yumdunuz. Görünür, siz insan haqları deyəndə ancaq öz əlaltılarınızın, sizə satılmışların hüquqlarını düşünürsünüz. Axı bu necə məntiqdir?! Məgər Xocalıda, Bakıda günahsız qətlə yetirilmiş minlərlə insanların hüququ yoxdurmu? Yoxsa, siz insan deyəndə ancaq Leyla Yunusu, Arif Yunusu, Xədicə İsmayılı, Əli Kərimlini düşünürsünüz. Bəs öz ata-baba yurdlarına getdiklərinə görə terrorçu Ermənistan dövləti səviyyəsində girov götürülən azərbaycanlılar, erməni snayperləri ilə vurulan körpə uşaqlarımız insan deyilmi? Onların hüquqları sizi - təmsil etdiyiniz dövləti, yalnız düyməsini basdığınız zaman hərəkətə keçən QHT-lərinizi maraqlandırmırmı?
Bu günlərdə bir tədbirdəki çıxışınız məni olduqca təəccübləndirdi. Müsəlman əsilli olmanızı danmanız üçün hətta İslam ayinlərini belə lağa qoymaqdan cəkinmədiniz. Çünki sizin dünyadakı yanlış siyasətiniz sülh və barışıq dini olan İslamı Amerikanın bugünkü siyasətinə düşmən hesab edir. Ona görə də cənab prezident, azərbaycansayağı desək, əslinizi dandınız. Əlbəttə, bu gün sizin dərinizin rəngini dəyişdiyinizi eşitsək belə təəccüblənmərik. Axı Amerika xalqı qara dərililəri sevmir.
Artıq Azərbaycanın sadə bir vətəndaşı da bilir ki, Siz “demokratiya, insan hüquqları” adlı nağıllarınızla, xalqımıza, prezidentimizə təsir etmək, milli sərvətlərimizi ələ keçirmək istəyirsiniz. Ancaq etiraf edin ki, siz bu çirkli oyununuzda uduzdunuz cənab Obama! Hər çirkli oyununuz xalqı İlham Əliyevə daha da yaxınlaşdırdı. Yəqin ki, bu münasibətləri siz məndən daha yaxşı bilirsiniz. Müxalifətin altı aydan bir yoxlama testinə bənzəyən mitinqlərinin nəticələri yəqin ki, hər dəfə sizi də məyus edir.
Öz düşüncələrinizdə Azərbaycanı bəlkə də, bir müstəqil dövlət kimi qəbul etməyə bilərsiniz. Ancaq gəlin müqayisə edək, cənab prezident! Erməni və yəhudi lobbilərinin təsiri ilə qərar verən Amerika müstəqildir, yoxsa prinsipial məsələlərdə dünyanın ən böyük dövlətlərinə “YOX” deməyi bacaran Azərbaycan? Sizin müstəqillik anlamı ilə yanaşdığınız İraqda, Suriyada, Liviyada, Fələstində, Ukraynada gedən proseslər hər birimizin gözləri önündə baş verib və hələ də davam etməkdədir. Biz belə müstəqilliyi, demokratiyanı qəbul etmək istəmirik, cənab Obama!