İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan ABŞ-ın Ticarət Departamentinin Avropa, Orta Şərq və Afrika regionu üzrə köməkçisinin müavini Maykl Lallinın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və ABŞ arasında əlaqələrin genişləndiyini, təhlükəsizlik, terrorizmə qarşı mübarizə, eləcə də enerji, logistika, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığın uğurla davam etdiyini bildirib. ABŞ nümayəndə heyətinin Azərbaycana geniştərkibli səfəri də ölkələr arasında əlaqələrin inkişafına verilən önəmin daha bir göstəricisidir. Qeyd olunub ki, ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün lazımi hüquqi baza mövcuddur. Hazırda Azərbaycanda 235 ABŞ şirkəti fəaliyyət göstərir, bu ilin 9 ayında ölkələrimiz arasında ticarət dövriyyəsi 5% artmışdır. İndiyədək ABŞ tərəfindən Azərbaycan iqtisadiyyatına 10 mlrd. dollar investisiya qoyulub. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Azərbaycanlı gənclər ABŞ universitetlərində təhsil alırlar. Ölkələr arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə danışan Şahin Mustafayev qeyd edib ki, qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatının prioritet istiqamətidir və bu sahəyə investisiya qoyuluşu, eləcə də sənaye, əczaçılıq, kənd təsərrüfatı və s. sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur.
ABŞ-ın Ticarət Departamentinin Avropa, Orta Şərq və Afrika regionu üzrə köməkçisinin müavini Maykl Lalli ABŞ ticarət missiyasının Azərbaycana səfərinin ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məqsədini daşıdığını, səfər çərçivəsində iş adamları arasında keçirilən görüşlərin əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib. Vurğulanıb ki, iş adamları ilə keçirilən görüşlər zamanı sahibkarlar Azərbaycan Respublikası Prezidentinin ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində qəbul etdiyi qərarları yüksək qiymətləndirirlər. Cənab Lalli Azərbaycanda sahibkarlığın inkişafı sahəsində atılan son addımların ABŞ-da da müsbət qarşılandığını diqqətə çatdırıb.
Görüşdə ABŞ-ın Azərbaycandakı səfirinin müavini Derek Hoqan Azərbaycanda iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlərin, o cümlədən sahibkarlığın inkişafı sahəsində görülən işlərin yüksək qiymətləndirildiyini, ABŞ-ın bu sahədə ölkəmizə dəstək göstərməyə hazır olduğunu qeyd edib.
Görüşdə həmçinin, Azərbaycan və ABŞ arasındakı mövcud iqtisadi əlaqələrə və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə, qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.