Ramil Usubov Pakistan səfiri ilə görüşüb
30 yanvar 2013 18:10 (UTC +04:00)

Ramil Usubov Pakistan səfiri ilə görüşüb

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov yanvarın 30-da Pakistan İslam Respublikasının ölkəmizdəki  fövqəladə və səlahiyyətli səfiri İnayat Ullah Kakarı qəbul edib. Nazirliyin mətbuat xidmətindən lent.az-a verilən məlumata görə, qonağı  səmimiyyətlə salamlayan nazir strateji müttəfiqlər olan dövlətlərimiz arasında əlaqələrin zəngin tarixə və dərin köklərə malik olduğunu, Pakistanın müstəqilliyimizi tanıyan ilk dövlətlərdən biri olmasını, beynəlxalq aləmdə və regional təşkilatlar çərçivəsində  hər zaman Azərbaycanı birmənalı şəkildə dəstəklədiyini vurğulayıb. Məhz belə ədalətli və prinsipial mövqenin nəticəsidir ki, Pakistan parlamentinin yuxarı palatası olan Senat Ermənistanı təcavüzkar dövlət, Xocalı faciəsini isə azərbaycanlılara qarşı soyqırım aktı kimi tanıyıb.

 

 Dövlət başçılarının siyasi iradəsi nəticəsində son illər bütün sahələrdə inkişaf və tərəqqinin müşahidə olunduğunu deyən nazir iki dost ölkənin Daxili İşlər nazirlikləri arasında da əlaqələrin genişləndirilməsinin vacibliyini bildirib. Bu işdə qarşılıqlı səfərlərin mühüm rol oynadığını qeyd edən daxili işlər naziri ötən ilin noyabrında İslamabadda keçirilmiş «Narkotiklərlə mübarizə üzrə strategiyalar» adlı regional konfransda iştirakını, Pakistanın dövlət rəhbərləri, o cümlədən daxili işlər naziri Rəhman Maliki ilə görüşlərini məmnunluqla xatırladıb.   Beynəlxalq terrorçuluqla və narkotiklərlə mübarizə sahəsində Pakistan dövlətinin zəngin təcrübəyə malik olduğunu, bu təcrübədən istifadənin Azərbaycan üçün vacibliyini bildirən cənab Ramil Usubov daha sonra səfirə ölkəmizdə mövcud kriminogen durum barədə qısa məlumat vermiş, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində ötən il də uğurlu nəticələrin əldə edildiyini, sabitliyin, əmin-amanlığın etibarlı şəkildə qorunduğunu, belə təhlükəsiz şəraitdən vətəndaşlarımız kimi ölkəmizdə fəaliyyət göstərən əcnəbilərin də yararlandıqlarını diqqətə çatdırıb. Səmimi qəbula, ətraflı məlumata görə təşəkkür edən səfir iki dövlət arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu, ölkəmizdə fəaliyyəti dövründə bütün sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları arasında əməkdaşlığın daha da inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

 

Səmimilik və dostluq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunmuşdur.                                                                                                                                                                              

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 763
avatar

Oxşar yazılar