Millət vəkili Qənirə Paşayeva Tovuz Rayon Mərkəzi Xəstəxanasında gecə örüşdən geri qayıtmayan iri buynuzlu heyvanlarını axtarmağa gedərək çöllük ərazidə minaya düşən Ağbulaq kənd sakini Elvin Qafarovu ziyarət edib.
Lent.az-ın məlumatına görə, əməliyyat olunmuş Elvin Qafarovun müalicəsinin gedişi ilə bağlı məlumat alan millət vəkili xəstənin ailə üzvləri ilə də geniş söhbət edib, onların qayğıları ilə maraqlanıb. Millət vəkili Qənirə Paşayeva Tovuzun Ermənistanla ön cəbhə kəndlərində ən ön nöqtələrdə yaşayan ailələri də ziyarət edib. Qənirə Paşayeva ön cəbhədə yaşayan insanların təklif və problemlərini daimi olaraq müvafiq qurumlarla müzakirə edərək həllinə çalışdığını deyib. Sakinlər ön cəbhə kəndlərinə bir sıra güzəştlərin edilməsinin önəmindən danışıblar və Qənirə Paşayevaya Milli Məclisdə bir neçə dəfə Ermənistanla ön cəbhə kəndlərinə dair xüsusi dövlət proqramının qəbul olunması, güzəştlər edilməsi ilə bağlı məsələ qaldırdığı üçün təşəkkür ediblər. Millət vəkili bildirib ki, bir neçə gün əvvəl MM-də hökumət üzvlərinin iştirakı ilə büdcə müzakirələr zamanı yenə də Ermənistanla ön cəbhə kəndlərinə bəzi güzəştlər edilməsini, 2016-cı il büdcəsində onların nəzərə alınmasını xahiş edib. Q. Paşayeva xüsusilə ön cəbhədə yerləşən kəndlərdən ali məktəblərə daxil olan gənclərin ödənişli təhsildən azad edilməsi, kommunal xidmətlərdə müəyyən güzəştlərin olunması, ön cəbhə kəndlərinə sərmayə qoyuluşunun artırılması və sosial yardımların təyin edilməsində müəyyən dəstəyin göstərilməsi, yeni sığınacaqların tikilməsi, ən ön nöqtələrdə yaşayan ailələrin evlərini qorumaq üçün istinad divarlarının genişləndirilərək bütün ön nöqtələrdə yaşayan evləri əhatə etməsi ilə bağlı təkliflər irəli sürdüyünü diqqətə çatdırıb. Q. Paşayeva bildirib ki, Tovuz rayonu istiqamətində ön cəbhədə son illər Ermənistanın atəşkəsi pozaraq hədəfə aldığı və yandırdığı bir neçə ev Prezidentin tapşırığı ilə qısa zamanda daha da yüksək səviyyədə tikilərək ailələrin istifadəsinə verilib: "İNanıram ki, ön cəbhə kəndlərində yaşayan insanlarımızın bir sıra təklifləri də yaxın zamanlarda öz həllini tapacaq".
Millət vəkili görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Q. Paşayeva həmçinin ön cəbhədə yaşayan fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib. Qənirə Paşayeva bir sıra şəhid ailələri, müharibə əlili və veteranları ilə də görüşərək onların qayğı və problemləri ilə maraqlanıb. Seçicilər millət vəkili ilə görüşdə ön cəbhə kəndlərində ünvanlı sosial yardıma ehtiyac olan insanların daha çox olduğunu bildirərək ona müraciət ediblər. O da bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovla geniş müzakirə apardığını, yaxın günlərdə ön cəbhədə yaşayan insanlara dəstək göstərilməsi üçün nazir tərəfindən komisiyya göndəriləcəyini deyib.