Prezidentin sədrliyi ilə  Avropa Oyunları Təşkilat Komitəsinin ilk iclası olub
02 fevral 2013 20:16 (UTC +04:00)

Prezidentin sədrliyi ilə  Avropa Oyunları Təşkilat Komitəsinin ilk iclası olub

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin birinci iclası olub.

                      
 

 

APA-nın “AzərTAC”a istinadən verdiyi məlumata görə, prezident İlham Əliyev keçən ilin dekabrında Avropa Olimpiya Komitəsinin Baş Məclisində birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qəbul edilən qərarı böyük tarixi hadisə adlandırıb. Bununla əlaqədar yanvarın 17-də Təşkilat Komitəsinin yaradıldığını deyən dövlət başçısı Avropa Olimpiya Komitəsinin bu qərarı qəbul etməsində ölkəmizin beynəlxalq nüfuzunun böyük rol oynadığını bildirib.

 

BMT Təhlükəsizlik Şurasının üzvü olan Azərbaycanda son 9 ildə sürətli iqtisadi inkişafa nail olunduğunu deyən Prezident İlham Əliyev ötən il beynəlxalq aparıcı reytinq agentliklərinin ölkəmizin kredit reytinqini artırdığını diqqətə çatdırıb. Dünya İqtisadi Forumunun hesablamalarına görə isə Azərbaycan iqtisadiyyatı inkişafına görə MDB-də birinci, dünyada 46-cı yerdədir. Ölkəmizin dünya siyasi və iqtisadi elitasında müsbət imicə malik olduğunu deyən dövlətimizin başçısı qeyd edib ki, son illərdə Azərbaycanda güclü idman infrastrukturunun yaradılması, Bakının inkişafı ilə bağlı işlərin görülməsi və əlbəttə ki, Azərbaycanın mötəbər tədbirləri keçirmək təcrübəsi Avropa Olimpiya Komitəsinin qəbul etdiyi qərarı şərtləndirən mühüm amillər sırasında olub. Ən əsası isə bu oyunların Bakıda keçirilməsinə Azərbaycan əhalisi də öz dəstəyini bildirib.

“Azərbaycan indi dünyada idman dövləti kimi tanınır və London Yay Olimpiya Oyunlarında qazanılan tarixi qələbə bunu bir daha təsdiqləyir”, - deyən Prezident İlham Əliyev artıq oyunların başlanmasına iki il qaldığını söyləyib və əmin olduğunu bildirib ki, müvafiq qurumlar oyunların yüksək səviyyədə keçirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklər.

 

Azərbaycan Prezidenti ötən il ölkəmizdə keçirilən “Eurovision” beynəlxalq mahnı müsabiqəsinin yüksək səviyyədə baş tutduğunu deyib və müsabiqə tarixində ən gözəl təşkilatçılığın Bakıda nümayiş etdirildiyini diqqətə çatdırıb. Buna görə də əmin olduğunu bildirən dövlət başçısı deyib ki, Avropa Olimpiya Komitəsinin etimadını Təşkilat Komitəsi Mehriban Əliyevanın rəhbərliyi altında doğruldacaq.

 

Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva çıxışında bildirib ki, birinci Avropa Oyunlarının Bakıda keçirilməsi beynəlxalq ictimaiyyətin ölkəmizə olan inamını göstərir. Bundan əlavə, son illərdə Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq idman tədbirləri, idmançılarımızın yarışlarda qazandığı uğurlar Avropa Olimpiya Komitəsinin qərarını şərtləndirən mühüm amillər sırasındadır.

Hazırlıq işləri barədə məlumat verən Mehriban Əliyeva bildirib ki, Avropa Oyunları 2015-ci ilin iyun-iyul aylarında keçiriləcək. Beş min idmançının iştirak edəcəyi bu tədbirə qatılacaq rəsmi nümayəndə heyətlərinin sayı 1000 olacaq. Tədbiri 2000 beynəlxalq KİV nümayəndəsi işıqlandıracaq. İlkin razılığa əsasən, oyunların proqramına 28 Olimpiya idman növündən minimum 12 və 2 qeyri-Olimpiya idman növü daxil edilib. Artıq yarışların keçiriləcəyi yerlər də müəyyən olunub.

 

Sonra gənclər və idman naziri Azad Rəhimov, daxili işlər naziri Ramil Usubov, nəqliyyat naziri Ziya Məmmədov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Olimpiya çempionu Namiq Abdullayev görüləcək işlər və qarşıda duran vəzifələr barədə məlumat verdilər.

 

Artıq hazırlıq işlərinə başlandığını bildirən Prezident İlham Əliyev ilk növbədə hər bir istiqamət üzrə fəal işin aparılmasının vacibliyini diqqətə çatdırıb.

İdman obyektlərinin hazırlanması, yeni idman qurğularının tikintisi ilə əlaqədar işlərin vaxtında və keyfiyyətlə aparılmasının vacibliyini vurğulayan dövlət başçısı idmançıların və qonaqların yerləşdirilməsi, yeni otellərin tikilməsi, turizm marşrutlarının müəyyən edilməsi, nəqliyyat, təhlükəsizlik sahəsində tədbirlərin gücləndirilməsi ilə bağlı tapşırıqlarını verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1363
avatar

Oxşar yazılar