Prezident İlham Əliyev yanvarın 14-də Norveç Krallığının xarici işlər naziri Espen Bart Eidenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, xarici işlər naziri Norveç Krallığının vəliəhdi Hookonun salamlarını dövlət başçısına çatdırıb. Nazir Norveçin “Statoil” şirkətinin uzun müddət Bakıda fəaliyyət göstərməsini əməkdaşlığımızın yaxşı nümunəsi kimi dəyərləndirib. İkitərəfli münasibətlərimizin möhkəm bünövrəsi olduğunu deyən qonaq ölkələrimiz arasında tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük imkanların mövcudluğunu vurğulayıb.
Dövlət başçısı Norveç Krallığının vəliəhdi Hookon ilə görüşünü məmnunluqla xatırlayıb. Prezident İlham Əliyev ölkəmizin beynəlxalq neft şirkətləri ilə əməkdaşlığının ilkin mərhələsində Norveçin “Statoil” şirkətinin ilk regional nümayəndəliyinin Bakıda fəaliyyətə başlamasının önəmini qeyd edib.
Prezident İlham Əliyev hazırda ölkələrimiz arasında əlaqələrin daha da inkişafı ilə bağlı məsələlər ətrafında işlərin uğurla davam etdirildiyini vurğulayıb.
Görüşdə Azərbaycan Respublikası ilə Norveç Krallığı arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində inkişafından məmnunluq ifadə olundu, əməkdaşlığımızın gələcəkdə daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edilib. Dövlət başçısı Norveç Krallığının vəliəhdi Hookonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını vəliəhd Hookona çatdırmağı xahiş edib.