Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.
Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Novruz şənliklərində iştirak ediblər.
Dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər. Meydana toplaşan şəhər sakinləri, paytaxtın qonaqları dövlətimizin başçısını və xanımını hərarətlə qarşılayıblar. Milli geyimli uşaqlar Azərbaycan prezidentinə bayram xonçası təqdim ediblər. Uşaqlar prezident İlham Əliyevi və Mehriban xanım Əliyevanı Novruz bayramı münasibətilə təbrik ediblər. İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanıblar. Dədə Qorqud xeyir-dua verərək, Bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb. Milli geyimli uşaqlar meydanda rəqs ediblər. Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb.
Sonra dövlət başçısı və xanımı Dənizkənarı Milli Parka gəliblər. Azərbaycan Prezidenti İlham Əliyev bayram şənliyində nitq söyləyib. Daha sonra dövlət başçısı və xanımı bayram konsertinə baxıblar.
Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva burada nümayiş etdirilən Azərbaycan xalçalarının nümunələri ilə tanış olublar. Dövlət başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıblar. Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik etdilər, dövlətimizin başçısı ilə yumurta döyüşdürüblər.
Azərbaycan Qol Güləşi Federasiyasının üzvlərinin çıxışları diqqətlə izlənilib. Prezident İlham Əliyev Federasiyanın xatirə kitabına ürək sözlərini yazıb. Azərbaycan prezidenti və xanımı manqalda bişirilən kababın dadına baxıblar. Ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətlərinin nümayiş olunduğu mərasimdə, həmçinin Novruz bayramının rəmzi olan müxtəlif şirniyyat nümunələri də təqdim edilib.
Dövləti başçısı və xanımı zorxana güləşçiləri ilə xatirə şəkli çəkdirib.
Dövlət başçısı və xanımı bərəkətli Azərbaycan torpağında yetişdirilmiş məhsulların bayram şənliyi çərçivəsində təşkil edilmiş sərgisi ilə tanış olublar. Müxtəlif rayonlardan gətirilmiş Novruz mətbəxinin nümunələri də şənlik iştirakçılarında maraq doğurub.
Azərbaycan Prezidenti onun pişvazına və bayram gəzintisinə çıxmış Bakı sakinlərinə və paytaxtımızın qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını yetirib.
Novruz bayramı münasibətilə keçirilən şənliklərdə Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.