Prezident İlham Əliyev hindistanlı həmkarı Pranab Kumar Mukherciyə Respublika günü münasibətilə təbrik məktubu göndərib. APA-nın məlumatına görə, məktubda bildirilir:
"Hörmətli cənab Prezident, Hindistan Respublikasının milli bayramı – Respublika günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan-Hindistan əlaqələri əsrlərdən bəri davam edən xoş ənənələrə malikdir. Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətlərinin möhkəmlənməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına əmin-amanlıq və rifah arzulayıram”.
Dövlət başçısı Avstraliya İttifaqının general-qubernatoru, xanım Kventin Braysa da bu ölkənin milli bayramı münasibətilə təbrik məktubu göndərib. Məktubda bildirilir: “Ölkənizin milli bayramı – Avstraliya günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, Azərbaycan ilə Avstraliya arasındakı dostluq münasibətləri, qarşılıqlı maraq doğuran əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcək. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına sülh və firavanlıq diləyirəm”.