Prezident: "Haradadır bu dəyərlər, mərhəmət, insan hüquqları, ləyaqət?"
25 noyabr 2015 07:21 (UTC +04:00)

Prezident: "Haradadır bu dəyərlər, mərhəmət, insan hüquqları, ləyaqət?"

“Bir çox hallarda Azərbaycan əsassız ittihamlarla üzləşir. Guya ki, Azərbaycanda demokratiya, insan hüquqları pozulur. Guya Azərbaycan hansısa, - kim tərəfindən müəyyən edilibdir bunu biz bilmirik, - meyarlara cavab vermir. Ancaq bu miqrantlar böhranı dəyərləri təbliğ edən ölkələr üçün bir sınaqdır. Siz göstərin öz meyarlarınızı, göstərin öz bəyan etdiyiniz dəyərlərə sədaqətinizi. Biz bunu görmürük. Belə çıxır ki, bu dəyərlər ancaq başqaları üçündür. Bunlar başqalarını əzmək, təhqir etmək, öz iradəsini onlara tətbiq etmək üçündürmü? Haradadır bu dəyərlər, mərhəmət, insan hüquqları, ləyaqət? Biz bunu görmürük”. Lent.az-ın prezidentin saytına istinadən verdiyi xəbərə görə, bunu ötən gün  V çağırış Milli Məclisin ilk sessiyasında çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev söyləyib.

 

Dövlət başçısının sözlərinə görə,  bu hadisələr və bu vəziyyət bir daha onu göstərir ki, biz nə qədər haqlı olmuşuq, öz yolumuzla getmişik, heç kimdən asılı olmamışıq, olmaq da istəmirik: “Buna ehtiyac da yoxdur. Biz öz hesabımıza yaşayırıq, beynəlxalq məsələlərlə bağlı öz sözümüzü deyirik.

 

Azərbaycan beynəlxalq təşkilatlarda, əlbəttə ki, üzv olduğu təşkilatlarda bundan sonra da fəal iştirak edəcək. Bizim deputatlar da fəal iştirak etməlidirlər. Üzv olmadığımız beynəlxalq təşkilatlar qarşısında bizim heç bir öhdəliyimiz yoxdur, ola da bilməz. Üzv olduğumuz təşkilatlarda fəaliyyətimiz də yüksək qiymətə layiqdir. Üzərimizə götürdüyümüz bütün öhdəlikləri yerinə yetiririk və ölkəmizin maraqlarını müdafiə edirik”.

 

Prezident İlham Əliyev qarşıda duran vəzifələrin uğurla icra ediləcəyinə əmin olduğunu qeyd edib: “Dünyada vəziyyət dəyişir, güclər nisbəti dəyişir. Əfsuslar olsun ki, nikbinliyə əsas yoxdur, dünyadakı vəziyyət daha da pisləşə bilər. Ona görə biz buna hazır olmalıyıq. İlk növbədə, təhlükəsizlik. Qeyd etdiyim kimi, Azərbaycanda təhlükəsizlik təmin edilir. Ölkəmizdə daxili təhlükə mənbələri yoxdur. Biz özümüzü xarici müdaxilədən qoruya bilirik, qoruya bilmişik. Öz seçimimizi müdafiə edirik, heç kimin işinə qarışmırıq, amma heç kimə imkan vermirik ki, bizim işimizə qarışsın və bizə ziyan vursun. Çünki bizim işimizə qarışmaq istəyən ancaq bu məqsədlə qarışmaq istəyir. Bəzi hallarda elə ifadələr işlədilir ki, Azərbaycana kimsə kömək etmək istəyir. Mən həmişə öz tərəfdaşlarımla görüşlər əsnasında deyirəm ki, bizə kömək etmək lazım deyil. Əgər lazım olarsa biz xahiş edərik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində bizə heç kim kömək etmir, baxmayaraq, gün kimi aydındır ki, kimdir günahkar, kimdir bu işğalın qurbanı. Ona görə biz daxili təhlükəsizliyi təmin edəcəyik. Heç bir kənar qüvvənin təsiri Azərbaycanda mümkün deyil. Bunu bütün ictimaiyyət bilməlidir və bilir. Gələcəkdə belə cəhdlər olarsa, əlbəttə ki, ciddi cavab, adekvat cavab veriləcək”.

 

Dövlət başçısı iqtisadi inkişafı daha da sürətləndirmək lazım olduğunu vurğulayıb: “Neftin qiymətinin aşağı düşməsi əlbəttə ki, bizim gəlirlərimizə və xərclərimizə mənfi təsir göstərir. Ancaq digər tərəfdən hesab edirəm, bu, bizim iqtisadiyyat üçün, məmurlar üçün bir stressdir ki, indiki şəraitdə də nəyə qadir olduğumuzu göstərməliyik.

 

Bu ilin iqtisadi və sosial göstəriciləri bunu göstərir ki, hətta böhranlı illərdə Azərbaycan iqtisadiyyatı sürətlə və uğurla inkişaf edə bilər. Təhlükəsizlik, fəal xarici siyasət, iqtisadi islahatlar, xoşagəlməz hallara qarşı mübarizə, güclü hərbi potensial və əsas dəyərlərə sədaqətimiz, sadiqliyimiz - bizim üçün gələcəyə gedən yol budur. Azərbaycan müasir dövlətdir, ancaq dərin milli mənəvi dəyərlər üzərində qurulan bir dövlətdir. Milli dəyərlərimiz, Azərbaycan dəyərləri bizim üçün hər şeydən üstündür. Azərbaycan müstəqillik yolu ilə gedir və gedəcək. Biz müstəqilliyimizi qoruyuruq və qoruyacağıq”.

# 243
avatar

Oxşar yazılar