Parlamentdə Qaraqılçıq söhbəti
01 fevral 2013 16:55 (UTC +04:00)

Parlamentdə Qaraqılçıq söhbəti

Oqtay Əsədov: “Qanun qarpızı Azərbaycanın başqa yerlərində yetişdirilməsinə qadağa qoymur”

Bu gün Milli Məclisdə "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Lent.az-ın verdiyi məlumata görə, dəyişikliyə əsasən Azərbaycana məxsus mədəni bitki brendləri kənd təsərrüfatı, dərman və bəzək bitki formaları üzrə müəyyən edilir, Azərbaycan xalqının milli sərvəti hesab olunur və qanunla qorunur.


Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib ki, bu gün Azərbaycanda xalq seleksiyasının yaratdığı qiymətli bitki nümunələri və alimlərin müasir seleksiya sortları xaricdən gətirilən rayonlaşmamış müxtəlif sortlar və hibridlər tərəfindən sıxışdırılaraq sıradan çıxarılır: “Onlardan buğdanın Qaraqılçıq, Sarı buğda, arpanın Dağ arpası, Ağ arpa, Qara arpa, qarğıdalının Zaqatala, Xocalı, Tovuz, çəltiyin Ənbəri, Sədri sortları, Sabirabad qarpızı, Ağ Quba alması, Abşeron şanıları, habelə onlarla qiymətli brend bitkiləri misal çəkmək olar. Hazırda Azərbaycanda Bitki Genetik Ehtiyatları üzrə Mərkəzi Məlumat Bazasında qeydiyyata alınmış 2200-dən çox yerli ənənəvi bitki sortlarının böyük bir qismi tamamilə itmiş, qalan hissəsi isə kənd təsərrüfatı elmi-tədqiqat institutlarında əlverişsiz şəraitdə saxlanılır. Eyni zamanda sırf Azərbaycan xalqına məxsus bəzi bitki sortları üzdəniraq qonşularımız tərəfindən özününküləşdirilir. Bu sənədlə Azərbaycan xalqına məxsus bitki sortlarının qorunması məsələsi ciddiləşdirilir”.


Millət vəkili Aytən Mustafayeva endemik bitki məsələsinə toxunub. Spiker Oqtay Əsədovun reaksyiası da maraqlı olub: “Qarpız Azərbaycanda da, başqa yerdə də yetişdirilir. Endemik ona görə deyilir ki, şamama, Sabirabad qarpızı ancaq Azərbaycanda yetişdirilir. Ancaq bu o demək deyil ki, qarpızı təkcə Sabirabadda yetişdirmək olar. Bu qanun qarpızı Azərbaycanın başqa yerlərində yetişdirilməsinə qadağa qoymur”.
Aytən Mustafayeva növbəti dəfə söz alaraq Zirə pomidoru, Gədəbəy kartofu sortlarının qorunmasının zəruriliyindən danışıb: “Mən bir məqamı qeyd edim. Prezident İlham Əliyev Zirəyə səfər etmişdi. Orada pomidor kolu adamdan hündür idi, genetik modifikasiyaya məruz qalmış sort idi. Zirə pomidoru kimi qiymətli sortların kənardan gətirilən belə sortlarla sıradan çıxarmağa yol vermək olmaz”.
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edildi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 815
avatar

Oxşar yazılar