Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Elmira Süleymanova Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinin qətlə yetirilməsi ilə əlaqədar bəyanat verib.
Lent.az-ın Ombudsman Aparatının saytına istinadən məlumatına görə, bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb. Bəyanatda bildirilib ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən və Ermənistan Respublikası ərazilərindən erməni silahlı qüvvələri tərəfindən 2 aprel tarixdən başlayaraq, qəflətən Azərbaycan Respublikasının əraziləri, cəbhəyanı bölgələrdə məskunlaşan mülki əhalinin yaşadığı çoxsaylı yaşayış məntəqələri, məktəblər və digər sosial obyektlər, habelə Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xətti boyunca mövqeləri ağır artilleriyadan, iri çaplı silahlardan intensiv atəşə məruz qalıb: “Nəticədə dinc əhali, o cümlədən uşaqlar, qadınlar və ahıllar həlak olub və ağır yaralanıblar. Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu hərbi cinayətlər nəticəsində beynəlxalq sənədlərin, o cümlədən Cenevrə konvensiyalarının müddəaları kobud şəkildə pozulub”.
Bəyanatda qeyd olunub ki, ermənilər öz vəhşiliklərini təsdiqləyən qeyri-insani hərəkətlərini davam etdirir, kütləvi şəkildə azərbaycanlıların yaşamaq və digər hüquqlarını pozur, bu isə bütün Azərbaycan xalqının hiddətinə səbəb olur.
Bəyanatda o da bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, Ermənistanın təxribatlarının dayandırılması və təcavüzkar fəaliyyətinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görüblər: “Beynəlxalq qurumları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistan silahlı qüvvələrinin işğal olmuş Azərbaycan torpaqlarından çıxarılması, Azərbaycanın BMT və dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünün bərpa edilməsi, qaçqınların və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması, uzun illərdən bəri pozulmuş hüquqlarının bərpası və təmini, sülh şəraitində birgə yaşayışın bərpa edilməsi məqsədilə müvafiq dinləmələr keçirməyə və bu istiqamətdə konkret tədbirlər görməyə çağırırıq. İnanırıq ki, AŞPA-nın yaz sessiyası çərçivəsində 18 aprel 2016-cı il tarixdə “Dağlıq Qarabağ münaqişəsinin son və faciəvi eskalasiyası” mövzusunda aparılacaq müzakirələrdə Azərbaycanın haqlı mövqeyi dəstəklənəcək, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın zəbt etdikləri ərazilərindən çıxarılması üçün müvafiq qərarlar qəbul olunacaq”.