Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfəri tarixi səfərdir.
APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.
N. Məmmədov deyib ki, bu səfər iki dövlət, iki xalq arasında dostluğun, qardaşlığın, strateji tərəfdaşlığın hansı möhkəm təməllərin üzərində qurulduğunun daha bir nümunəsidir: “Səfər zamanı aparılan danışıqlar, keçirilən görüşlər, imzalanan sənədlər, bu səfərin yekunu nümayiş etdirdi ki, bu iki dövlət, bu iki xalq Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlətdir. Çıxışlar və imzalanan sənədlər göstərdi ki, bu dövlətlər, bu xalqlar dünyada baş verən bütün proseslərdə, həm çətin, həm uğurlu məqamlarda həmişə bir yerdədir, bir yerdə olacaq. Türkiyə mətbuatı da bu səfərə məhz belə yanaşdı”.
N. Məmmədov qeyd edib ki, prezidentlərin çıxışları ölkələr arasında münasibətlərin mahiyyətini ortaya qoydu: “Bu, bizim tariximiz, dövlətlərimiz və gələcəyimiz üçün çox möhkəm bir təməldir və bu təməlin də üzərində biz münasibətlərimizi davam etdirməliyik”.