Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısının rəhbərlik etdiyi nümayəndə heyəti NATO Dəstək Agentliyinin (NSPA) – keçmiş NATO-nun Maddi-Texniki Təminat və Təchizat Agentliyinin (NAMSA) Lüksemburqda yerləşən Baş Qərargahına səfər edib.
Lent.az-ın Azərbaycan Respublikasının NATO yanında nümayndəliyinə istinadən məlumatına görə, səfər zamanı NSPA-nın Baş Meneceri cənab Mayk Liden ilə görüş keçirilib.
NSPA ekspertləri ilə hazırkı əməkdaşlığın inkişafı və yeni imkanlar üzrə təfərrüatlı müzakirələr aparılıb. NSPA mütəxəssisləri tərəfindən bu qurumun strukturu, funksiyaları, onun loqistik əməliyyatları və Əfqanıstanda fəaliyyəti barədə brifinqlər keçirilib.
Görüşlər zamanı NSPA ilə ölkəmiz arasında həyata keçirilmiş Melanj və Saloğlu layihələrinin uğurlarına söykənən Ceyrançöl Etimad Fondu layihəsinin gedişatı barədə geniş fikir mübadiləsi aparılıb. Tərəflər sonuncu layihənin uğurla davam etdiyini və layihənin birinci mərhələsinin gələn ilin mayında müvəffəqiyyətlə bitəcəyinə ümid etdiklərini bildiriblər.
Etimad Fondları ilə yanaşı, başqa sahələrdə əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub. Bu məqsədlə NSPA tərəfi ölkəmizə bu ilin ikinci yarısında Bakıda NSPA-nın məlumatlandırma simpoziumunun keçirilməsini təklif edib.