Xarici İşlər Nazirliyi adından nazir müavini Xələf Xələfov müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini İftar məclisinə dəvət edib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, X. Xələfov Azərbaycanın İslam aləminin ayrılmaz hissəsi olaraq müsəlman ölkələri ilə hərtərəfli əlaqələrin inkişafına əhəmiyyət verdiyini qeyd edib. Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli müstəvidə siyasi, iqtisadi və mədəni sahədə əməkdaşlığı gündən-günə dərinləşdiyini vurğulayıb.
Nazir müavini Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini qeyd edərək, ölkəmizin təşkilatın fəal üzvü kimi üzv dövlətlərarasındakı həmrəyliyin daha da gücləndirilməsi üçün çalışdığını bildirib.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir müavini, münaqişənin həlli prosesində Azərbaycanın mövqeyinin müsəlman ölkələri tərəfindən dəstəkləndiyini, İslam əməkdaşlıq Təşkilatının dəfələrlə münaqişə ilə bağlı reallığı, ədaləti, beynəlxalq hüququ və Azərbaycanın mövqeyini əks etdirən qətnamələr qəbul etdiyini vurğulayaraq, bu dəstəyə görə təşkilata üzv olan ölkələrə bir daha təşəkkürünü bildirib.
O, müsəlman ölkələrinin Azərbaycandakı səfirlərinə fəaliyyətlərində uğurlar arzu edərək, müqəddəs ayda xalqlarına və hökumətlərinə rifah, xoşbəxtlik və inkişaf arzularını çatdırıb.
Müsəlman ölkələrinin Azərbaycandakı səfirləri adından çıxış edən Mərakes Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hassan Hami İftar məclisinin təşkil olunmasından məmnunluq duyduqlarını qeyd edərək həmkarları adından təşəkkürünü bildirib.