Müsavat İsa Qəmbərin Mərkəzindən ayrıldı
19 fevral 2015 13:29 (UTC +04:00)

Müsavat İsa Qəmbərin Mərkəzindən ayrıldı

“Demokratiya və İnsan Haqları Mərkəzi artıq mövcud deyil”.

 

Bunu APA-ya açıqlamasındaMüsavat Partiyasının başqanı Arif Hacılı deyib.

 

Onun sözlərinə görə, Müsavat Partiyasının da təmsil olunduğu Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi öz funksiyasını itirib: “Mərkəz ilk növbədə siyasi məhbusların hüquqlarını müdafiə məqsədi ilə yaradılmışdı və burada həm də müəyyən demokratik islahatlar mövzusunda məsələlər müzakirə olunurdu. Ancaq son vaxtlar Mərkəzdə daha çox hakimiyyətlə əlaqələr, hakimiyyət nümayəndələri ilə siyasi partiyaların müzakirələr mövzusu ön plana keçdi. Ona görə də faktiki olaraq ilk dövrdə yaranmış insan haqları və demokratik islahatlarla bağlı əməkdaşlıq Mərkəzi öz funksiyasını itirdi. Son zamanlar Mərkəzin toplantıları keçirilmir. Eyni zamanda mən Mərkəzin toplantısında Müsavat Partiyası adından bəyan etdim ki, yalnız insan haqları və demokratik islahatlar mövzusu müzakirə olunacaqsa, məni də həmin müzakirələrə dəvət edə bilərlər, bura toplaşan siyasi partiyalar arasında gedən digər müzakirələrin Müsavat Partiyasına aidiyyatı yoxdur. Mənə elə gəlir ki, Demokratiya və İnsan Haqları Mərkəzi artıq mövcud deyil”.

 

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu isə APA-ya açıqlamasında A. Hacılının fikirləri ilə razılaşmayıb: “Kiminsə Mərkəzdə olmaması o demək deyil ki, Mərkəz öz funksiyasını itirib. Mərkəz öz funksiyasını və fəaliyyətini davam etdirir. Ordan ayrılmaq da hər kəsin hüququdur”.

 

Xatırladaq ki, Mərkəz Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin təşəbbüsü ilə yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 231
avatar

Oxşar yazılar