Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici və yerli universitetlərdə “Azərbaycan
multikulturalizmi” fənninin tədrisi layihəsi çərçivəsində bu fənnin Çexiyanın Karlov
Universitetində tədrisi davam edir.
Mərkəzdən Lent.az-a verilən məlumata görə, dərs gedişatının keyfiyyətinə nəzarət, fənnin tədris olunan universitetlərdə aktuallığını və onun uğurlu layihə kimi davamlılığını təmin etmək və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədi ilə hər semestr ərzində iki dəfə Mərkəzin müəyyən etdiyi şəxslər tərəfindən monitorinq aparılır. Çexiyanın Karlov Universitetinə Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru Məmmədtağı Rzayev ezam olunub.
Monitorinq müddətində Çexiyanın Karlov Universitetinə “Azərbaycan Multikulturalizmi” fənnini tədris edən Roza Şəfiyeva və Məmmədtağı Rzayev Azərbaycan Respublikasının Çexiya Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Fərid Şəfiyevlə, Praqa şəhərində yerləşən 1-ci Slavyan Gimnaziyasının direktoru Tatyana Perqlerlə, Praqa Karlov Universiteti Fəlsəfə Fakültəsi Yaxın Şərq və Afrika İnstitutunun və eyni zamanda Azərbaycan və Xəzər araşdırmaları Mərkəzinin əməkdaşları professor Eduard Qombar, doktor Yana Qombarova, doktor Eltay Dilbazi və Bohemistika və kommunikasiya nəzəriyyəsi İnstitutunun əməkdaşı professor İvana Bozdexova ilə, Karlov Universiteti Fəlsəfə Fakültəsinin nəzdində fəaliyyət göstərən Azərbaycan və Xəzər araşdırmaları mərkəzi ilə tanışlıqdan sonra həmin universitetin Şərqi Avropa İnstitutunun müdiri, doktor Marek Prşihoda və onun müavini Stanislav Tumis ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və Azərbaycanın dünyaya tanıdılmasında xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisinin əvəzsiz rolunun olduğu qeyd olunub.
Praqa Karlov Universitetində “Azərbaycan multikulturalizmi” fənnini dinləyən tələbələrlə
görüş keçirilib. Görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən monitorinq
keçirən Məmmədtağı Rzayev “Azərbaycan multikulturalizmi” kontekstində “Orta əsrlərdə
Azərbaycan ictimai fikrinin formalaşmasına təsir edən əsas amillər” mövzusunda mühazirə oxuyub. Görüşlərdən biri də Praqa şəhərində yerləşən 1-ci Slavyan Gimnaziyasında təhsil alan tələbələrlə olub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən monitorinqə məsul şəxs
olan Məmmədtağı Rzayev rus dilində, “Azərbaycan multikulturalizmi” fənnini Karlov
Universitetində tədris edən Roza Şəfiyeva isə çex dilində çıxış ediblər. Mühazirə zamanı
“Odlar yurdu Azərbaycan”, “Azərbaycan multikulturalizmi”, “Azərbaycanın şəhərləri, adət
ənənələri, flora və faunası, milli mətbəxi, ədəbiyyatı, mədəni abidələri”, ” 2015-ci ildə Bakıda keçiriləcək 1-ci Avropa oyunları” və “Müasir Azərbaycan” başlıqları altında slayd nümayiş etdirilib. Sonra tələbələrin Azərbaycanla bağlı çoxsaylı sualları cavablandırılıb, onlara
Azərbaycanla bağlı müxtəlif bukletlər paylanılıb, xatirə şəkilləri çəkilib.