Azərbaycan Mətbuat Şurası (MŞ) bu güç keçirilmiş aksiyada apardığı monitorinqin nəticələrini açıqlayıb.
Şuradan lent.az-a daxil olan məlumatda bildirilir ki, monitorinqdə peşə fəaliyyətini üzərində “PRESS” yazılmış xüsusi görəkçələrdə yerinə yetirmiş kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə bağlı hər hansı insident qeydə alınmayıb: “Bununla bağlı monitorinq qrupuna müraciət də edilməyib. KİV nümayəndələrinin əksəriyyəti aksiya zamanı üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrdə olublar. Təəssüf ki, monitorinq qrupu eyni zamanda fərqləndirici forması olmayan jurnalistləri də qeydə alıb”.
MŞ qeyd edib ki, monitorinq jurnalistlərin peşə fəaliyyətlərinin sərbəst və maneəsiz şəkildə icrasına kömək məqsədi ilə aparılıb. Monitorinqi şura ilə Daxili İşlər Nazirliyinin birgə yaratdığı qrup aparıb.
Qrupa Şuranın icraçı katibi Rəhim Hüseynzadə rəhbərlik edib.
Mətbuat Şurası bir daha jurnalistlərə razılaşdırılmış və ya razılaşdırılmamış bütün aksiyalarda üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə qatılmağı tövsiyə edib.
Qurum xatırladıb ki, hər hansı xoşagəlməz vəziyyətlə üzləşdikləri zaman yalnız fərqləndirici formada olmaq KİV nümayəndələri ilə bağlı durumun peşə müstəvisində dəyərləndirilməsinə əsas verəcək.