Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən Nizami Gəncəvi mükafatı ilə təltif edilən Böyük Britaniya Krallığının sabiq baş naziri, “Dəmir Ledi” ləqəbli Marqaret Tetçer bununla bağlı təşəkkürünü bildirib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən Lent.az-a verilən məlumata görə, Marqaret Tetçerin katibliyindən Mərkəzə ünvanlanan cavabda qeyd edilib ki, Marqaret Tetçer Nizami Gəncəvi mükafatının ona təqdim olunması qərarından böyük qürur hissi keçirir və bu qərara görə öz dərin təşəkkürünü bildirir.
Qeyd edək ki, Nizami Gəncəvi mükafatı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayədarlar Şurasının qərarı ilə dünyada müstəsna xidmətləri olan şəxsiyyətlərə təqdim olunur. İndiyə qədər bu mükafat ABŞ-nın 42-ci prezidenti Bill Klintona, Türkiyə Cümhuriyyətinin 9-cu pezidenti Süleyman Dəmirələ, Birman lideri Aung Sang Suuya, Şərqi Avropanın ilk qadın prezidenti Vaira Vike-Freibergaya təqdim olunub. Mükafat Diasporla İş üzrə Dövlət Komitəsi və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə hazırlanılır.