Mantas Adomenas: “Bu, Seymin rəsmi mövqeyini bildirmir”
18 mart 2013 19:04 (UTC +04:00)

Mantas Adomenas: “Bu, Seymin rəsmi mövqeyini bildirmir”

Litva Seyminin üzvü Mantas Adomenas: “Litva qanunverici orqanında BMT-də üzv statusa malik olmayan ölkələrlə parlamentlərarası dostluq qrupu yaradıla bilməz”

 

“Litva Seymin nizamnaməsi istənilən qrupları yaratmağa icazə verir, lakin qondarma “Dağlıq Qarabağ Respublikası” ilə dostluq qrupun yaradılması Seymin rəsmi mövqeyini bildirmir”. Bu açıqlamanı APA-ya Litva-Azərbaycan parlamentlərarası dostluq qrupun sədr müavini Mantas Adomenas verib.

 

 

Onun sözlərinə görə, bu qrupun digər parlamentlərarası qruplardan fərqi ondadır ki, bu   qrup bir neçə parlament üzvünün şəxsi təşəbbüsü ilə yaradılıb: “Litva Seymində balıqçıların, siqar sevənlərin də qrupu yaradıla bilər. Amma “DQR” ilə dostluq qrupu rəsmi statusu daşımır. Çox təəssüf olsun ki, erməni mediası bu qrupa daha geniş status verməyə çalışır, bununla da insanları çaşdırır. Bu qrup daha geniş status ala bilməz, çünki Litva qanunverici orqanında BMT-də üzv statusa malik olmayan ölkələrlə parlamentlərarası dostluq qrupu yaradıla bilməz. Belə bir təşəbbüslə çıxış edən insanlar əvvəllər də Seymin üzvləri idi, amma bu günə kimi onlara heç kim demədi ki, bu addımla Azərbaycanla əlaqələri korlamaq olar”.

 

M.Adomenas vurğulayıb ki, Litva Seymi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və əlavə edib ki, bu addımın ikitərəfli əlaqələrə mənfi təsir etməsi çox təəssüfedici hal olardı: “Çünki bu, həmin qrupun yaradılmasının təşəbbüsü arxasında duranların xeyrinə olacaq”.

 

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə isə APA-ya bildirib ki, diplomatik nümayəndəlik bu məsələ üzrə işləri davam etdirir və bu işlərin nəticələri barədə ictimaiyyətə məlumat veriləcək:  “Azərbaycanın milli maraqlarına uyğun olaraq addımlar atılacaq. Litvaya nota verilib. İndi tunelin sonunda işıq görünür və biz hələlik gözləyirik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 686
avatar

Oxşar yazılar