“2003-cü ildə vahid namizəd mövzusunda məndən çox əziyyət çəkən olmayıb”. APA-nın məlumatına görə, bunu Müsavat Partiyasının başqanı, prezidentliyə namizəd İsa Qəmbər gənclərlə keçirdiyi görüşdə müxalifətin birlik məsələsinə münasibət bildirərkən deyib.
İ. Qəmbər deyib ki, Müsavat Partiyası həqiqi müxalifətin birliyinin tərəfdarıdır. Onun sözlərinə görə, bəzi partiyalar tez-tez birlik məsələsini qaldırsalar da, əslində mövqeləri başqadır və heç bir fəaliyyət göstərmirlər: “Azərbaycanda olan partiyaların bir qismi hakimiyyətin, bir qismi Rusiyanın, digər qismi də İranın nəzarətindədir. Əllərindən başqa iş gəlmir, tez-tez birlik çağırışı edirlər. Bir sıra partiya liderlərinin müsahibələrinə baxın. 10 açıqlama, bəyanatdan 8-i Müsavata qarşı hücumdur. Son iki ildə hansısa bir addım atıblarmı? Hansısa mitinq təşkil ediblərmi? Hansısa mitinqdə kütləvi iştirak ediblərmi? Ciddi bir təşəbbüs irəli sürüblərmi? Hələ bildiyim özəl informasiyaları kənara qoyuram və sırf mətbuatda olan informasiyaları deyirəm. Həmin partiyalarla hansı birlik əldə etmək olar? Bu birlik xalqa nə verəcək? Gücləri yox, mövqeləri yox, amma deyirlər ki, “gəlin, birgə vahid namizədi müəyyənləşdirək”. Bu, təbii ki hamısına aid deyil. İctimai Palataya daxil olanlarla biz müttəfiqik, digər partiyalarla da normal münasibətlərimiz var”.
İ. Qəmbər müxalifətin seçkilərdə vahid namizədlə iştirakına da münasibət bildirib. İ. Qəmbər qeyd edib ki, 2003-cü il prezident seçkiləri ərəfəsində vahid namizəd ideyası ilə bağlı təkliflə çıxış etsə də, razılıq əldə olunmayıb və yenidən bu istiqamətdə çalışmaq fikri yoxdur: “Mən heç yerdə özümü vahid namizəd elan etməmişəm. Partiya məni namizəd elan edib, namizədəm və vahid namizədlik iddiam da yoxdur. Kim istəyirsə, xeyrini görsün. Yığışsınlar, müəyyənləşdirsinlər, niyə etmirlər? Bir neçəsinə demişəm. İki gündən bir deyirlər ki, gəlin yığışaq vahid namizədi müəyyənləşdirək. Deyirəm ki, sizinlə birlikdə vahid namizədi müəyyənləşdirməyə marağım yoxdur. Sadəcə olaraq, məsələdə başqa məqam var. Müsavat Partiyası olaraq, biz həmişə birlik tərəfdarı olmuşuq. 2003-cü ildə vahid namizəd mövzusunda məndən çox əziyyət çəkən olmayıb. Bütün siyasilərlə görüşüb, söhbətlər etmişik. Faktiki olaraq heç kim razılaşmadı. Mənim o vaxt bu məsələyə sərf etdiyim enerjiyə heyfim gəlir və yenidən mənası olmayan, hətta ziyan verəcək işə qoşulmaq istəmirək”.