Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavab olaraq bildirib ki, İsa Qəmbərin Lənkərana səfərinə polis heç bir müdaxilə etməyib: “Azərbaycan polisi daim hər bir vətəndaşın təhlükəsizliyini təmin etməyə hazırdır, həmçinin də İsa Qəmbərin. Bu gün baş verən hadisə ilə bağlı isə deyə bilərəm ki, İsa Qəmbər 35 maşından ibarət böyük bir maşın karvanı ilə Lənkəran şəhəri istiqamətində hərəkət edib. Bu zaman onlar “Yol hərəkəti haqqında” qanunu pozaraq, avtomagistralda hərəkət edən digər avtomobillərin hərəkətinə maneçilik yaradıblar. Ona görə də Dövət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıblar. Saxlanılarkən onlara yol hərəkəti haqqında qanun izah edilib və bildirilib ki, böyük bir karvanla yolda hərəkət etmələri digər vətəndaşlara maneçilik törədir”.
E. zahidovun dediyinə görə, yol polisi Müsavat başqanını müşayiət edən maşın karvanına hərəkət qrafiki də təklif edib: “ Onlara təklif olunub ki, əvvəlcə 4-5 maşın irəli hərəkət etsin. Daha sonra da bu cür kiçik karvanlarla digər maşınlar da yola davam etsinlər. Amma onlar DYP əməkdaşalrının bu təklifini qəbul etmədikləri üçün geri qayıdıblar”.
“Daxili İşlər Nazirliyi bir daha bildirir ki, polis İsa Qəmbərin cənub bölgəsinə səfərinə heç bir maneə yaratmayıb. Əksinə, biz hər bir vətəndaş kimi İsa Qəmbərin də təhlükəsizliyini təmin etməyə hazırıq”.
***
17.15
Müsavat Partiyasının başqanı İsa Qəmbərin Lənkərana səfəri baş tutmayıb.
APA-nın yerli bürosunun məlumatına görə, partiya başqanının korteji Göytəpə qəsəbəsi yaxınlığında Yol Patrul Xidməti postunda saxlanılıb və sənəd yoxlaması aparılıb. İ. Qəmbərin maşını və daha bir neçə avtomobil postdan buraxılıb. Onu müşayiət edən digər avtomobillər isə postdan buraxılmayıb.
Müsavat başqanı gərginlik yaranmaması üçün geri dönmək barədə qərar verib və kortej Baklıya istiqamət götürüb.
APA-nın əməkdaşı onu da bildirir ki, Lənkəran müsavatçılarından bəziləri polis tərəfindən saxlanılıb.
***
15.08
Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbər Lənkərana səfərə gedib.
Partiyadan APA-ya daxil olan məlumata görə, səfər Müsavat Partiyasının Lənkəran rayon təşkilatının yaranmasının 20 illiyi ilə bağlı tədbirdə iştirak etmək məqsədi daşıyır.
Məlumatda bildirilib ki, partiya başqanının korteji Goytəpə qəsəbəsi yaxınlığında Yol Patrul Xidməti postunda saxlanılıb və sənəd yoxlaması aparılıb.
Qeyd edək ki, bundan əvvəl də Müsavat başqanı Lənkərana getməyə cəhd edib. Lakin şəhərin girişində bir qrup tərəfindən onun maşının qarşısı kəsilib, İsa Qəmbər qarşıdurmanın böyüməməsi üçün geri qayıdıb.
Qeyd: Fotolar "Yeni Müsavat"ındır.