Elmar Məmmədyarov İndoneziyanın Terrorizmə qarşı mübarizə Agentliyi rəhbərinin müavinini qəbul edib
Martın 19-da xarici işlər naziri Elmar Məmmədyarov İndoneziya Respublikasının Terrorizmə qarşı mübarizə Agentliyinin rəhbərinin müavini Hari Purvantonu qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla İndoneziya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə olunub.
Elmar Məmmədyarov Azərbaycanın terrorla mübarizə sahəsində əldə etdiyi uğurlardan söz açıb və bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlığın uğurla davam etdirildiyini söyləyib. “Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda Bakıda keçirilən Beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizə səfər edən Hari Purvanton ölkəmizdə gedən dinamik inkişafdan təsirləndiyini bildirib. Eyni zamanda terrorizmə qarşı mübarizə sahəsində Azərbaycanın əldə etdiyi təcrübənin öyrənilməsində, eləcə də bu sahədə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıb.
Görüşdə iki ölkə arasında iqtisadi və siyasi məsələlər də müzakirə edilib.