Prezident İlham Əliyev bu gün Malayziya parlamentinin Nümayəndələr Palatasının sədr müavini Seri Ronald Kiandeeni qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Malayziya parlamentində yaradılmış Azərbaycan ilə dostluq qrupu haqqında məlumat verən Seri Ronald Kiandee Bakıya ilk dəfədir səfər etdiklərini bildirib, 8 deputatdan ibarət Malayziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun fəaliyyətinin ölkələrimizin qanunverici orqanları arasında mövcud əlaqələrin inkişafındakı rolundan danışıb. Qonaq azərbaycanlı həmkarları ilə qarşılıqlı səfərlərinin önəmini qeyd edib. Azərbaycanın ölkəsi üçün vacib tərəfdaş olduğunu deyən Seri Ronald Kiandee Malayziyanın Petronas şirkətinin ölkəmizdəki fəaliyyətini əlaqələrimizin yaxşı nümunəsi olduğunu vurğulayıb.
Prezident İlham Əliyev Malayziyanın baş naziri Mohammad Najib Tun Abdul Razakın Azərbaycana rəsmi səfərini və keçirdikləri görüşlər zamanı aparılan səmərəli müzakirələri məmnunluqla xatırladığını deyib. Azərbaycan ilə Malayziya arasında əlaqələrin hər iki ölkə üçün mühüm əhəmiyyət daşıdığını deyən dövlət başçısı bu əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev iki ölkə arasında əməkdaşlığın sərmayə qoyuluşu, yüksək texnologiyalar, turizm və digər sahələrdə inkişafı üçün yaxşı imkanların olduğunu bildirib. Malayziyanın Petronas şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini deyən dövlət başçısı şirkətin ölkəmizdə mühüm layihələrdən birində böyük paya sahib olduğunu vurğulayıb. Azərbaycan və Malayziyanın dost ölkələr olduğunu bildirən prezident İlham Əliyev hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində daima bir-birini dəstəklədiyini bildirib. Parlamentlərarası əlaqələrin əhəmiyyətinə toxunan dövlət başçısı Malayziya parlamentinin Nümayəndələr Palatasının sədr müavininin Bakıya səfərinin iki ölkənin parlament nümayəndələri arasında daha fəal qarşılıqlı əməkdaşlıq üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu vurğulayıb.