Azərbaycan ilə Niderland arasında əlaqələrin yaxşı səviyyədə olduğunu deyən dövlət başçısı qeyd edib ki, Azərbaycan bu əlaqələri daha da genişləndirmək niyyətindədir. Niderland Krallığının baş naziri Mark Rütte ilə beynəlxalq tədbirlər zamanı görüşünü xatırlayan prezident İlham Əliyev bu ölkənin nazirlərinin və digər rəsmi şəxslərinin böyük nümayəndə heyətləri ilə Azərbaycana səfərlərinin əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb və Niderlandın bir sıra şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiklərini, mühüm layihələr həyata keçirdiklərini qeyd edib.
Niderland Krallığının Avropa İttifaqının vacib üzvü kimi Avropa məsələlərində mühüm rol oynadığını deyən dövlət başçısı həm ikitərəfli, həm də Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı üçün çox müsbət perspektivlərin mövcud olduğunu bildirərək bu əlaqələrin gələcəkdə uğurla inkişaf edəcəyinə əminliyini vurğulayıb. Dövlət başçısı səfir Onno Kerversin bu əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə, iki ölkə arasında əməkdaşlığın uğurlu inkişafının gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu bildirib.
Niderlandın Kralı Əlahəzrət Villem-Aleksandrın Azərbaycan xalqına ən xoş arzularını çatdıran səfir Onno Kervers hər iki ölkə arasında nisbətən qısa müddət ərzində qurulan əlaqələrin dinamik inkişaf etdiyini deyib. Niderland şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə fəal işlər gördüyünü deyən Onno Kervers enerji, informasiya-kommunikasiya texnologiyaları, o cümlədən kənd təsərrüfatı sahələrində əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu vurğulayıb.
**
10:13
Prezident İlham Əliyev Niderlandın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dövlət başçısı sentyabrın 14-də Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri Onno Kerversin etimadnaməsini qəbul edib.