Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının prezidenti Yoaxim Qauka Alman Birliyi Günü münasibətilə təbrik ünvanlayıb.
Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, təbrikdə belə deyilir:
Hörmətli cənab Prezident,
Almaniya Federativ Respublikasının milli bayramı – Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan-Almaniya münasibətləri dinamik və hərtərəfli inkişaf yolundadır. İnanıram ki, dostluq əlaqələrimizin genişlənməsi, əməkdaşlığımızın bütün sahələrdə dərinləşməsi yolunda qarşılıqlı addımlarımız bundan sonra da tərəfdaşlığımızın möhkəmlənməsinə xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Almaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Dövlət başçısı həmçinin Koreya Respublikasının prezidenti xanım Pak Kın Heyi də Koreya Respublikasının milli bayramı – Dövlətin yaranması günü münasibətilə təbrik edib.