Elmar Məmmədyarov GUAM-ın baş katibini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov GUAM-ın Baş katibi Valeri Çeçelaşvilini qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla GUAM arasında əməkdaşlığın cari vəziyyəti və əməkdaşlığın daha da genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Təşkilata üzv ölkələr arasında nəqliyyat, turizm, infrastruktur, informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın daha da intensivləşdirilməsinin əhəmiyyəti vurğulanıb. Valeri Çeçelaşvili təşkilatın fəaliyyəti və digər beynəlxalq təşkilat və ölkələrlə əməkdaşlığı haqqında məlumat verib. GUAM-ın baş katibi Bakıda keçirilən terrorçuluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr edilmiş beynəlxalq konfransın əhəmiyyətini qeyd edib. Təşkilatın müasir dövrün çağırışları, kiber cinayətkarlıq kimi yeni qlobal təhdidlərlə mübarizənin gücləndirilməsi vacib sayılıb.
Görüş zamanı GUAM-ın nəzərdə tutulan tədbirləri barəsində də fikir mübadiləsi aparılıb.