Parisdə azərbaycanlı uşaqlar üçün ana dili dərslərinin tədrisinə başlanılıb
Paris Azərbaycan Evinin uzun müddətdir üzərində işlədiyi layihə nəhayət reallaşıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, martın 17-də təşkilat Azərbaycan Respublikasının Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzinin binasında Paris və Paris ətrafı şəhərlərdə yaşayan azərbaycanlı uşaqlar üçün ilk Azərbaycan dili dərslərini təşkil edib.
Paris Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva Azərbaycan dili dərslərinin tədrisi və dərs proqramı haqqında məlumat verib. Mirvari Fətəliyeva eyni zamanda Azərbaycan dili dərslərinin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, Fransada doğulub böyümüş azərbaycanlı uşaqlarının gələcəkdə milli mənsubiyyət problemlərinin yaranmaması üçün həftəsonu tədris edilən bu dərslərinin rolu çox böyükdür. Həftəsonu dərsləri 4 yaşından 13 yaşadək uşaqlar üçün nəzərdə tutulub. Şagirdlər yaş və dil səviyyəsinə görə iki sinfə ayrılacaq. Təmənnasız tədris edilən Azərbaycan dili dərsini Azərbaycan Evinin təhsil işləri üzrə məsləhətçisi Aygün Əyyubova və Azərbaycan Evinin incəsənət işləri üzrə məsləhətçisi Mehri Quliyeva aparacaq. Tədris proqramında Azərbaycan haqqında ümumi məlumat, onun tarixi, coğrafiyası, mədəniyyəti, incəsənəti kimi mövzular cəmləşdirilib. Novruz bayramına həsr olunmuş ilk dərsdə həm də şagirdlərə dərslik və dərs ləvazimatları paylanılıb.
Qeyd edək ki, Mirvari Fətəliyeva fevralın 26-da Fransa Milli Assambleyasında Fransadakı Erməni Məsələləri Bürosunun təşkilatçılığı, Fransadakı erməni icmasının nümayəndələri və Fransa parlamentinin bir neçə deputatının iştirakı ilə “Sumqayıt hadisələrindən 25 il sonra; hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər” adlı tədbirdə həmin gün Xocalı soyqırımının 21-ci ildönümünün keçirildiyini iştirakçıların diqqətinə çatdırdığı üçün ermənilər tərəfindən vəhşicəsinə döyülmüşdü...