Fevralın 19-da Litvanın böyük kinoteatrlarından biri olan “Vinqis”də Xocalı faciəsi ilə bağlı ictimaiyyət üçün fərdi təhqiqat aparan Litva və skandinaviyalı rejissorların ərsəyə gətirdiyi “Sonu olmayan dəhliz” (“Endless Corridor”) sənədli filminin təqdimatı keçirilib.
“Xocalıya ədalət” kampaniyasının Litva üzrə koordinasiya qrupunun Lent.az-a verdiyi məlumata görə, bu, xarici ölkələrin sənədli film rejissorlarının Xocalı mövzusu ilə bağlı çəkdikləri ilk sənədli filmdir.
Təqdimatda Litvanın aparıcı KİV nümayəndələri, parlament üzvləri, hökumət və prezident administrasiyası, diplomatik korpus nümayəndələri, Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə və tanınmış yerli kinematoqrafçılar da iştirak ediblər. Təqdimat mərasimində çıxış edən rejissor Mindaqus Urbanoviç deyib ki, filmdə avropalı tamaşaçılara Qarabağ müharibəsinin ən dəhşətli səhifəsini, Qərbdə az tanınan Xocalı faciəsini göstərməyə çalışıblar. filmin prodüseri Andryus Brokas qeyd edib ki, sənədli film üzərində 3 ildən çox çalışıblar: “Bu müddət ərzində yaradıcı qrupumuzun Ermənistandan qovulması daxil olmaqla, biz bir çox təşkilati və yaradıcı çətinlikləri dəf edəsi olduq. Amma bütün bunlara baxmayaraq işimizi yekunlaşdıra bildik”.
Jurnalist-tədqiqatçı, filmin əsas qəhrəmanlarından olan Riçards Lopaytis bildirib ki, Xocalı onun həyatını dəyişib. Jurnalistin tədqiqatının məqsədi Azərbaycan xalqının başına gətirilmiş bu dəhşətli hadisə ilə bağlı tamaşaçıların gözlərini açmaq və kütləvi qırğın törədənləri tövbə etməyə çağırmaq olub. Filmin digər qəhrəmanı, moskvalı jurnalist Viktoriya İvleva 25-26 fevral 1992-ci ildən sonra onun həyatında əsaslı dəyişiklik baş verdiyini vurğulayıb. Bu faciədə o, cəmi iki gün əvvəl dünyaya gəlmiş qız uşağını xilas edib.
Filmin nümayişi xüsusi olaraq film üçün bəstələnmiş rekviyemin canlı səslənməsi ilə başlayıb. Festivalın direktoru Vida Ramaşkiene filmi izləyəndən sonra deyib ki, bu film onu sarsıdıb, özü üçün yeni kəşf olub: “Biz hamımız Qarabağ münaqişəsindən xəbərdarıq. Amma bu epizod faciənin bütün dərinliyini və azərbaycanlıların əzablarını hiss etməyə və münaqişəyə yeni baxış bucağından baxmağa bizləri məcbur etdi. Film əla alınıb və biz onu beynəlxalq kino müsabiqələrinin proqramına daxil etmişik”.
Qeyd edək ki, film erməni hərbi hissələri tərəfindən işğal olunmuş və məhv edilmiş Xocalı hadisələri ilə bağlı tədqiqatdan ibarətdir. Filmdə həmin dəhşətli gecədə möcüzə nəticəsində xilas olmuş iki Xocalı sakininin taleyindən də bəhs edilir. Filmin siqnal versiyasının təqdimatı “Xocalıya ədalət” kampaniyasının dəstəyi ilə Bakı və Moskva şəhərində baş tutub.