Erməni hakimiyyətinin növbəti “soyqırım” şousu
24 aprel 2016 15:43 (UTC +04:00)

Erməni hakimiyyətinin növbəti “soyqırım” şousu

“Ermənistan prezidenti Serj Sarkisyanın “genosid” günü ilə əlaqədar öz xalqına ənənəvi müraciəti əvvəlki illərlə müqayisədə demək olar ki, heç nə ilə fərqlənmir. Yenə də “Türkiyə”, “Azərbaycan”, “məzlum və yazıq erməni xalqı”, “baş verən son hadisələrə etinasız qalan beynəlxalq ictimaiyyət” və s. və ilaxır.

 

Bununla belə, onun səsləndirdiyi “erməni xalqı dəyişmişdir” fikri qismən də olsa həqiqəti əks etdirir. Həqiqətən Yerevanda hakimiyyətdə olduğu dövrdə “Qarabağ klanı”nın erməni xalqına yeritdiyi “qələbə” eyforiyası tam iflasa uğrayıb. Artıq erməni xalqı dəyişib, o əsil düşməninin kim olduğunu anlamağa başlayır. Ermənilər zorla, silah gücünə, terrorla hakimiyyəti ələ keçirmiş qaragüruh dəstənin niyyətini, mahiyyətini gözəl başa düşür. Məhz bu “dəyişən erməni xalqı” Sarkisyan rejiminin yıxılmasını, onun fiziki məhvini istəyir və buna çalışır. Erməni xalqı nəhayət ki, düşmənlərinin məhz daxildə olduğunu anlamağa, dərk etməyə başlayıb.

 

S.Sarkisyanın “ədalətin qələbə çalması üçün biz mübarizə aparacağıq” fikri isə külək dəyirmanı ilə savaşa bənzəyir. O, qöbbelssayağı pafoslu, odlu-alovlu çıxışı ilə erməni gənclərini “böyük Ermənistan” kimi boş, mənasız ideyalar, yerinə yetməsi mümkün olmayan xülyalar uğrunda qırılmağa, milləti məhvə, dövlətini isə tam iflası aparır. Cəbhə xəttində baş verən son hadisələr yüzlərlə erməni gəncinin ölümünə, əlil olmasına səbəb oldu. O da bü cür riyakar çıxışları ilə övladlarını itirmiş erməni ailələrinin başını  yenə də aldadacağını düşünür.

 

Coğrafi məkanda, ətrafındakı qonşuları ilə münaqişə vəziyyətində olan Ermənistanı heç kim yox, məhz Sarkisyan hakimiyyəti blokadaya alaraq xalqı acından qırdırır, dilənçi vəziyyətinə salır və səfalətdə saxlayır. Bütün bunlar hədə qorxu, yalanlar, iftiralar gücünə həyata keçirilir. Amma Ermənistanda artıq hamı kimi, hətta Sarkisyan da sonunun çatdığını deyəsən dərk edir. Bu mövzuda çıxışlarla o, boğulanın saman çöpündən də imdad diləməsinə bənzəyən təəssürat yaradır.

 

Türkiyəni qınayan, onun mövqeyini pisləyən, orada “söz və mətbuat azadlığının” pozulmasından dəm vuran, Türk düşmənçiliyindən ağzından köpük tökülənə qədər haray, həşir salan Sarkisyana yaxşı bəllidir ki, 70 min nəfərdən çox Ermənistan vətəndaşı hazırda bir qarın çörək pulu qazanmaq üçün məhz qonşu Türkiyə dövlətinə sığınıb. Ermənistan xalqını biradamlıq, darısqal karserdə saxlayan Sarkisyan və kriminal komandası azad fikir, ictimai şüur və təşəbbüslə çıxış edən bütün erməni fəallarını pərən-pərən salıb, həbsxanalara atıb, bir qismi isə məcburən ölkəni tərk edərək xaricə qaçmağa müvəffəq olub. Əgər belə olmasaydı kriminal rejimin ucbatından hər il ölkəni tərk edənlərin çoxalmasına görə, ölkədə demoqrafik vəziyyətin faciəvi olmasından Ermənistan siyasi partiyaları yana-yana danışmazdılar.

 

Cəbhə xəttində son gərginliyin yaşanmasında guya Azərbaycanı günahkar çıxarması isə onun ön xətdə nə baş verməsindən tamamilə bixəbər olmasını göstərir. Aprelin əvvəllərində baş vermiş hadisələrin həqiqətən kim tərəfindən törədilməsini dünyada yalnız bir qrup qəbul etmək istəmir, o da – Sarkisyan və onun kampaniyasıdır. O, cəbhədəki çoxsaylı itkilərin statistikasını gizlətməyə cəhd göstərir. Ancaq yaxın günlərdə ölən erməni əsgər analarının başlayacağı etiraz dalğasının onun hakimiyyətinin devrilməsinə təkan verəcəyinə artıq şübhə qalmır və bu kriminal hərbi rejimin təşvişinə səbəb olub. O, yenə də öz xalqını Azərbaycan əsgəri ilə qorxutmağa çalışır. Faktlar isə onu göstərir ki, Azərbaycan əsgəri torpaqlarımızı işğal etmiş erməni silahlıları, könüllü adı ilə dünyanın müxtəlif yerlərindən Qarabağa gətirilən terrorçular, muzdlularla, qatillərlə mübarizə aparır.

 

“Biz yeni genosidə yol verməyəcəyik” fikri isə ikiüzlülüyün, riyakarlığın və arsızlığın son həddidir ki, bunu da Sarkisyanın söyləməsi ümumiyyətlə təəccüb doğurmur. Axı soruşan lazımdır ki, ay yazıq, son 20 ildə erməni xalqını yeni soyqırıma məruz qoyan, terror, şantaj, hədə-qorxu, silahlı çevriliş və basqın yolu ilə Yerevanda hakimiyyətə gələn “Qarabağ klanı” deyilmi? İqtisadiyyatının tənəzzülə uğraması, ölkənin kriminal oliqarxlar tərəfindən bölüşdürülməsi, az da olsa gəlir gətirmək imkanına malik sənaye sahələrinin digər dövlətlərin ixtiyarına verilməsi, eləcə də sərhədlərinin, siyasətinin, müdafiəsinin öz əlində olmaması, demoqrafik vəziyyətin fəlakət həddinə çatması, hətta erməni millətçiliyinin beşiyi sayılan erməni-qriqoryan kilsəsinin də Yerevan hakimiyyətindən üz döndərməsi erməni xalqına qarşı elə Sarkisyanın  illərlə yeritdiyi yeni genosidin təzahürü deyilmi? Sarkisyan düşdüyü vəziyyətdən, Ermənistanı sürüklədiyi bəlalardan o qədər başını itirib ki, sadə bir şeyi anlamağa belə dərrakəsi çatmır. Onun başa düşmədiyi odur ki, belə populist çıxışlar nə qələbələrin, nə də ermənilərin “populyasiyasına” kömək etməyəcəkdir. Amma onun üçün yenə də gec deyil. Düzgün mövqe sərgiləyib işğal edilən Azərbaycan torpaqlarını tərk etməklə o,  öz xalqına normal yaşamağa, erməni gənclərinin sağ-salamat ailələrinə dönmələrinə az da olsa kömək edə bilər.  Çünki aprelin əvvəlində baş verən hadisələr göstərdi ki, heç şübhəsiz, Azərbaycan ordusunun Qarabağın azadlığı uğrunda başladığı yürüş qısa bir müddətdə Ermənistanın hərbi-siyasi rejiminin iflasına və regionda qüvvələr balansının xeyrimizə dəyişməsinə səbəb ola bilər və bu mütləq olacaqdır.

 

Hərbi jurnalist İsa İsmayılov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 259
avatar

Oxşar yazılar