Ərdoğan bu gün Bakıya gəlir
25 aprel 2016 10:42 (UTC +04:00)

Ərdoğan bu gün Bakıya gəlir

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana səfər edəcək. Aprelin 26-da isə dövlət başçısının geri qayıtması nəzərdə tutulur. O, bu gün Bakıda işə başlayan Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna qatılacaq. Lent.az-ın anspress -ə istinadən məlumatına görə, forumunda bir sıra ölkələrin dövlət və hökumət rəsmiləri iştirak edəcək.

Tədbirdə iştirak üçün Azərbaycana R.T.Ərdoğanla birlikdə Türkiyənin Baş nazirinin müavini, xarici işlər naziri, iqtisadiyyat naziri, energetika naziri, mədəniyyət nazirinin də daxil olduğu böyük bir heyət gələcək.

Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyində Dövlət Katibi doktor Mikola Ferenc, Rumıniya Xarici işlər Nazirliyində Dövlət Katibi Daniela Anda Grigore Gitman, Argentina Xarici İşlər Nazirliyində Səfir və Xarici Əlaqələr Katibi Karlos Foradori, Latviya Xarici İşlər Nazirliyində Parlament Katibi Zanda Kalnina Lukasevica, Oman Ali Məhkəməsinin Elm və Mədəniyyət Mərkəzi “Sultan Qaboos”un baş katibi Habib Al Riyami, Estoniyanın Xarici İşlər Nazirliyində Siyasi məsələlər üzrə katibin müavini Killike Sillaste Ellinq, İtaliya Mədəniyyət Nazirliyinin Katibinin müavini, Filippinin Prezident Administrasiyasında İcraçı Katibin müavini Alberto Bernardo, Malayziyanın Xarici işlər Nazirinin Katibinin müavini Sarah Nava Rani iştirak edəcək.

“İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında keçiriləcək foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə 2000-ə yaxın qonağın qatılacağı gözlənilir. Forumda ümumilikdə üç gün müddətində yüksək rəsmilərin toplantısı, 30-a yaxın sessiya keçirilməsi planlaşdırılır.

Forumun Açılış mərasimi Bakı Konqres Mərkəzində keçiriləcək. Forum 2 gün davam edəcək.

2014-cü il sentyabrın 26-da Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun Nazirlər Toplantısında Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Azərbaycan Respublikasının paytaxtında keçirilməsi barədə qərar qəbul edilib. 

Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 513
avatar

Oxşar yazılar