Fevralın 1-də xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Braziliya Federativ Respublikasının xarici işlər naziri Antonio Patriota ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə ikitərəfli iqtisadi münasibətlərin inkişafı perspektivləri diqqət mərkəzində olub. Tərəflər münasibətlərin inkişafı üçün mövcud geniş potensialdan yararlanmaq niyyətində olduqlarını bildirib. Görüş zamanı həmçinin, digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Nazir Elmar Məmmədyarov Azərbaycan iqtisadiyyatının dinamik inkişafı barədəətraflı məlumat verib.
Eyni zamanda Elmar Məmmədyarov Azərbaycanın Latın Amerikası ölkələri ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. Azərbaycan ilə Braziliya arasında idman sahəsində mövcud olan əməkdaşlığın ölkələrimiz arasında əlaqələrin bütövlükdə gücləndirilməsinə xidmət etdiyi vurğulanıb. Braziliyalı nazir Azərbaycanın enerji sahəsində olan tarixi haqqında məlumatlı olduğunu diqqətə çatdırıb və ölkəsinin Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb. Nazirlər bu sahədə əməkdaşlıq perspektivlərini müzakirə edib.