Misirə səfəri çərçivəsində Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Misirin xarici işlər nazirliyinin İctimai Diplomatiya və Media departamentinin rəisi səfir Bahir Helmi ilə görüş keçirib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə görüş əsnasında Elman Abdullayev həmsöhbətinə Azərbaycanın xarici siyasəti, həyata keçirdiyi humanitar layihələr və ictimai diplomatiya siyasətinin əsas istiqamətləri barəsində məlumat verib.
Elman Abdullayev bildirib ki, Azərbaycan və Misir tarixi dostluq əlaqələrini bölüşür. Onun sözlərinə görə, bütün sahələrdə olduğu kimi ictimai diplomatiya sahəsində də birgə maraq dairəsində olan istiqamətlər üzrə əməkdaşlıq mümkündür. Elman Abdullayev bu xüsusda Azərbaycan ev sahibliyi ilə bu ilin iyun ayında Fələstin üzrə Bakıda keçiriləcək donor konfransına toxunub. Ermənistan-Azərbaycan münaqişəsi və onun törətdiyi fəsadlar barəsində ətraflı danışan Elman Abdullayev Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin Şarm Əl-Şeyx toplantısında və İslam Əməkdaşlıq Təşkilatının Qahirə sammitində bu münaqişə ilə əlaqədar qəbul edilmiş qərarların siyasi əhəmiyyətindən bəhs edib. O, bu xüsusda Misirin tutduğu mövqeyin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.
Bahir Helmi Azərbaycan və Misir xalqlarının tarixi dostluq və qardaşlıq ənənələrindən söz açıb. O, Misirin daim Azərbaycan ilə əlaqələrə mühüm əhəmiyyət verdiyini, ictimai diplomatiya sahəsində də iki ölkə arasında əməkdaşlıq və təcrübə mübadiləsi üçün münbit imkanların olduğunu diqqətə çatdırıb.