Yanvarın 28-də Azərbaycanın Niderlanddakı səfiri, eyni zamanda Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatın (KSQT) yanında daimi nümayəndəsi Mirhəmzə Əfəndiyev etimadnaməsini qurumun baş direktoru Əhməd Üzümçüyə təqdim edib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə,təqdimetmə mərasimindən sonra keçirilən görüşdə KSQT-nin baş direktoru Ə.Üzümçü ölkəmiz ilə əməkdaşlığından məmnunluğunu bildirib, rəhbərlik etdiyi qurumun məqsəd və vəzifələri haqqında məlumat verib.
Səfir M.Əfəndiyev Azərbaycanın KSQT ilə əməkdaşlıqda maraqlı olduğunu, bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyini söyləyib.
Diplomat Azərbaycanın xarici işlər nazirinin ikitərəfli əlaqələrin genişləndirilməsi ilə əlaqədar KSQT-nin baş direktorunun Bakıya səfər etməsinə dair dəvət məktubunu ona təqdim edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.