Aprelin 28-də DİN-in "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzində xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin və diplomatik korpusun digər nümayəndələrinin xahişi ilə onlarla görüş keçirilib. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov Nazirliyin rəhbərliyi adından qonaqları salamlayıb, görüşün qarşılıqlı əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. Sonra müstəqillik illərində ölkəmizin keçdiyi tarixi yol, cinayətkarlıqla mübarizə və ictimai qaydanın qorunması sahələrində əldə edilmiş uğurlu nəticələr, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi təmini, mövcud kriminogen durum, qarşıda duran vəzifələr barədə geniş məlumat verilib.
Nazirin birinci müavini qeyd edib ki, son 3 ildə xarici dövlətlərin diplomatik missiyalarının, habelə beynəlxalq təşkilatların rəhbərləri ilə Daxili İşlər Nazirliyində 268 görüş keçirilib. Görüşlər zamanı ikitərəfli münasibətlərlə yanaşı, diplomatik korpusun mühafizəsi ilə əlaqədar məsələlər də müzakirə olunub. Hazırda DİN-in Diplomatik nümayəndəliklərin mühafizəsi üzrə Əlahiddə Polis Taboru və Baş Mühafizə İdarəsi respublika ərazisində yerləşən 50-dən çox diplomatik nümayəndəliyin mühafizəsini həyata keçirir və müvafiq işə cəlb olunmuş polis əməkdaşlarının xidməti ciddi nəzarətdə saxlanılır. Onlar tərəfindən son 3 ildə 61 şəxsin qanunsuz hərəkətlərinin qarşısı alınıb.
Diplomatik nümayəndəliklərin müdafiəsinin v ə təhlükəsizliyinin təmin edilməsi də böyük önəm verilən məsələlərdən olmaqla, bu sahədə fəaliyyət xüsusi əməliyyat planı ilə tənzimlənir.
Polis general-leytenantı Vilayət Eyvazov onu da vurğulayıb ki, Azərbaycan Respublikası da terrorçuluqdan əziyyət çəkən dövlətlər sırasındadır. Ötən əsrin 80-ci illərindən etibarən ölkəmiz və onun vətəndaşları erməni terrorçuluğunun hədəfinə çevrilib. Təkcə 1989-1994-cü illərdə erməni terrorçu qrupları tərəfindən Azərbaycana qarşı törədilmiş 32 terror aktı nəticəsində iki min insan həlak olub, yüzlərlə vətəndaşımız yaralanıb.
Azərbaycanın torpaqlarının 20 faizindən çoxunun, o cümlədən Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində İran İslam Respublikası ilə 132 kilometrlik sərhəd zolağına nəzarət imkanlarımızın itirilməsi də ciddi problemlərdəndir. Nəticə etibarı ilə narkotiklərin, odlu silahların qanunsuz dövriyyəsinə, həmin ərazilərdə beynəlxalq terrorçu təşkilatların gizli təlim bazalarının maneəsiz fəaliyyətinə əlverişli şərait yaranıb. Bu faktın özü nəinki Azərbaycanın, bütövlükdə regionun təhlükəsizliyi üçün əsas təhdidlərdən biri olaraq qalır.
O da bildirilib ki, son dövrlər dünya ictimaiyyətində çox ciddi narahatlıq doğuran məsələlərdən biri dini ekstremizmin və dini zəmində terrorçuluğun çağırış və təhdidlərinin artmasıdır. Bu baxımdan, aidiyyəti dövlət orqanları ilə birgə xarici ölkələrdə silahlı münaqişələrdə, terrorçuluq və dini ekstremist fəaliyyətdə iştirak etmiş Azərbaycan vətəndaşlarının müəyyən edilməsi, sərhədkeçmələrinə məhdudiyyət qoyulması və əməliyyat nəzarətində saxlanılması istiqamətində ciddi tədbirlər həyata keçirilir. İştirakçıların nəzərinə çatdırılıb ki, terrorçuluq və dini ekstremizmə qarşı mübarizədə xüsusi texniki vasitələrin tətbiqi mühüm əhəmiyyətə malikdir. Qeyd olunub ki, Bakı metropoliteni də nəzərə alınmaqla, bu gün respublika üzrə 110 mindən çox videonəzarət kamerası ilə 24 saat ərzində mərkəzləşdirilmiş müşahidə aparılır.
Nazirin birinci müavini bildirib ki, ötən 12 ildə cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin təmini sahəsində də fəaliyyət davamlı olub, əməliyyat şəraiti bütövlükdə nəzarətdə saxlanılıb. Məqsədyönlü profilaktik tədbirlər sayəsində qeydə alınan hüquqazidd əməllərin təxminən 90 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 10 faizini ağır və xüsusilə ağır cinayətlər təşkil edir. Eyni zamanda, mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizə sistemli xarakter daşıyıb, ağır və xüsusilə ağır cinayətlər törətmiş 3 mindən çox qrup və dəstə zərərsizləşdirilib.
Əldə edilən nəticələr mötəbər beynəlxalq təşkilatlar tərəfindən də müsbət dəyərləndirilir.
Çıxışının sonunda məruzəçi diplomatik korpus nümayəndələrini əmin edib ki, Daxili İşlər Nazirliyi digər hüquq-mühafizə orqanları ilə birlikdə bundan sonra da cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizənin yüksək peşəkarlıqla həyata keçirilməsi, ictimai asayişin, təhlükəsizliyin və sabitliyin lazımi səviyyədə təmin edilməsi üçün bütün zəruri tədbirləri görəcəkdir.
Xarici İşlər Nazirliyinin idarə rəisi Pərvin Mirzəzadə ölkəmizdə akkreditə olunmuş səfirliklərin və diplomatik korpus nümayəndələrinin təhlükəsizliklərinin təmini istiqamətində təmsil etdiyi qurumla Daxili İşlər Nazirliyinin sıx, işgüzar və səmərəli əməkdaşlığından, eyni zamanda, respublikamızı təmsil edən diplomatların bəzi xarici dövlətlərdə qarşılaşdıqları problemlərdən söz açıb.
Diplomatik korpusun adından çıxış edən Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin təşəbbüslərinə müsbət cavab verildiyinə, görüşün yüksək səviyyədə təşkilinə və ətraflı məlumata görə DİN rəhbərliyinə minnətdarlığını bildirib.
Görüşün sonunda daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov tədbir iştirakçılarını maraqlandıran sualları ətraflı cavablandırıb.