Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Brüssel ofisinin təşəbbüsü ilə “2 fevral - Gənclər günü” münasibətilə Belçikada təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib.
APA-nın məlumatına görə, tələbələrlə görüşdə Azərbaycanın Belçika Krallığındakı səfiri Fuad İsgəndərov və Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı Xəzər İbrahim iştirak ediblər. TEAS-ın Brüssel ofisinin rəhbəri Roman Huna tədbiri açıq elan edərək, Azərbaycanda “Gənclər günü”nün tarixçəsi barədə məlumat verib və bu bayramın qeyd olunmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu xatırladıb.
Tədbirdə çıxış edən səfir Fuad İsgəndərov Azərbaycan gəncliyinin mövcud potensialını yüksək qiymətləndirərək, Azərbaycan dövlətinin gənclərin xaricdə təhsil almaları üçün dövlət proqramları həyata keçirdiyi barədə məlumat verib və gəncləri Azərbaycanın gələcəyi hesab etdiyini diqqətə çatdırıb. Səfir azərbaycanlı gənclərin dünya universitetlərində saylarının ilbəil artmasını təqdirəlayiq hal hesab etdiyini vurğulayaraq, bu gənclərin yaxın gələcəkdə dövlət idarəçiliyində təmsil olunmaq şanslarının yüksək olduğunu qeyd edib. Səfir Fuad İsgəndərov tələbələrə dərslərində müvəffəqiyyət arzulayaraq, istənilən məsələ ilə bağlı hər zaman Səfirliyə müraciət edə biləcəklərini vurğulayıb.
Tədbir TEAS tərəfindən təşkil edilmiş nahar süfrəsi ilə davam etdirilib.