Aprelin 14-də Brüsseldə Azərbaycan və Belçika arasında ikitərəfli məsləhətləşmələr keçirilib. Azərbaycanın Belçikadakı səfirliyindən APA-ya verilən xəbərə görə, bu məsləhətləşmələr çərçivəsində Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Belçika Xarici və Avropa İşləri Nazirliyi və Belçika Federal Parlamentində görüşlər keçirib.
Məlumata görə, Belçika Xarici və Avropa İşləri Nazirliyində keçirilmiş məsləhətləşmə görüşündə Nazirliyin ikitərəfli əlaqələr üzrə baş direktoru Qirt Muyle, Şərqi və Cənub-Şərqi Avropa, Mərkəzi Asiya üzrə direktoru Yo İndekeu, Siyasi və təhlükəsizlik məsələləri üzrə direktoru Pol Huynen, Daxili bazar və yerdəyişmə xidmətinin direktoru Olivye Qino, Avropa üzrə xüsusi elçisinin müavini Yannik Minsiye, eləcə də BMT, Terrorizmə qarşı mübarizə, Konsulluq və digər idarələrinin nümayəndələri iştirak ediblər.
Görüş zamanı Azərbaycan və Belçika arasındakı əlaqələrin hazırki durumu və gələcək inkişaf perspektivləri nəzərdən keçirilib. Bu xüsusda qarşıdan gələn dövrdə ikitərəfli yüksək səviyyəli səfərlərin həyata keçirilməsi, iqtisadi əlaqələr, konsulluq, terrorizmə qarşı mübarizə, enerji sahəsində əməkdaşlıq kimi ikitərəfli məsələlər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan-Avropa İttifaqı münasibətləri, eləcə də beynəlxalq və regional problemlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Nazir müavini X.Xələfov 22 mart 2016-cı il tarixində Brüssel şəhərində törədilmiş terror aktları nəticəsində çoxsaylı insanın həlak olması ilə əlaqədar Azərbaycan hökuməti adından bir daha Belçika tərəfinə başsağlığı ifadə edib, terrorizmdən əziyyət çəkmiş ölkə olaraq Azərbaycanın bu fenomenə qarşı mübarizədə daima Belçikanın, eləcə də bütün Avropalı dostlarının yanında olacağını diqqətə çatdırıb.
O, daha sonra Azərbaycanın təşəbbüsü və ya iştirakı ilə həyata keçirilən beynəlxalq və regional enerji və nəqliyyat layihələri haqqında məlumat verib, bu xüsusda Belçikanın Fluxsus şirkətinin Cənub Qaz Dəhlizinin vacib elementlərindən olan TAP layihəsində 19.6%-lik payla təmsil olunduğunu xatırladıb, Belçika şirkətlərinin Azərbaycanda daha geniş təmsil olunması üçün böyük potensialın mövcudluğunu diqqətə çatdırıb.
Nazir müavini daha sonra, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında mövcud olan vəziyyət, xüsusilə də Ermənistanın təxribatçı əməlləri nəticəsində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində son dövrlər yaşanan gərginliklə bağlı həmsöhbətlərə ətraflı məlumat verib və qarşı tərəfi maraqlandıran sualları cavablandırıb.
Qarşı tərəf keçirilən məsləhətləşmələri yüksək qiymətləndirib və bunun, iki ölkə arasında mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinə, eləcə də regional və beynəlxalq məsələlər üzrə mövqelərinin uyğunlaşdırılmasına töhfə verəcəyini bildirib, terrorizmə qarşı mübarizə sahəsində ifadə edilmiş dəstəyə görə təşəkkür ifadə edib. Belçika tərəfi habelə, Azərbaycanın Avropa İttifaqı (Aİ) üçün vacib tərəfdaş olduğunu vurğulayıb, Aİ və Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında saziş üzrə danışıqları dəstəklədiyini bildirib.
Müzakirələrin yekununda, belə ikitərəfli məsləhətləşmələrin növbə ilə Bakı və Brüsseldə olmaqla iki ildən bir keçirilməsi barədə razılıq əldə edilib.
Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının xarici əlaqələr komissiyasının sədri Dirk Van der Maelen ilə keçirilmiş görüş zamanı iki ölkə arasında əlaqələrin inkişafında parlamentlərarası əməkdaşlığın oynaya biləcəyi rol nəzərdən keçirilib. Nazir müavini X.Xələfov ötən il keçirilmiş Parlament seçkilərindən sonra Azərbaycan Milli Məclisində Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə 13 deputatdan ibarət işçi qrupunun formalaşdırılması barədə məlumat verib, hər iki ölkənin parlamentləri arasında qarşılıqlı səfər mübadiləsinin həyata keçirilməsini təklif edib.
D. Van der Malen iki ölkə arasında parlamentlərarası təmasların gücləndirilməsinə ehtiyac duyulduğunu və bu təşəbbüsü tam dəstəklədiyini bildirib, Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin Belçikaya səfər edəcəyi təqdirdə belçikalı həmkarları ilə ikitərəfli və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparmaları üçün müvafiq görüşləri təşkil etməyə hazırlığını ifadə edib.
Nazir müavini görüş zamanı habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və cəbhə bölgəsində baş vermiş son hadisələr haqqında həmsöhbəti məlumatlandırıb, belçikalı parlamentarları Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfərlər etməkdən çəkinməyə çağırıb.