Aksiya artıq başa çatıb. Ərazidə yalnız polislər və jurnalistlər var.
***
16.05
Bir qrup aksiya iştirakçısı Dənizkənarı Milli Parka gəlib. Burda da bir neçə nəfər saxlanılıb.
***
15.43
Jurnalist Məlahət Nəsibova "Qəhrəman polisimizə əl çalın!" qışqırıb. Polis onu saxlayıb. M. Nəsibova "Ar olsun belə polisimizə!", "Jurnalistlərə azadlıq" şüarlarını səsləndirib. Məlumata görə, hüquqşünas İntiqam Əliyev, Turqut Qəmbər də saxlanılıb.
***
15:23
Aksiyanın təşkilatçılarından olan Emin Milli polisə yaxınlaşaraq, onları da aksiyaya qoşulmağa dəvət edib. Polis isə onu saxlayıb. Saxlananlar arasında Nərgiz Yaqublu və AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı da var.
***
15:17
Polis jurnalist Şahvələd Çobanoğlunu saxlayıb və buna jurnalistin əynində üzərinə PRESS sözü yazılmış xüsusi gödəkcənin olmamasını əsas göstərib.
***
15.08
APA-nın hadisə yerində olan əməkdaşlarının məlumatına görə, aksiya "İsmayıllı oyaqdı" şüarı ilə başlayıb. 10-a qədər şəxs polis tərəfindən saxlanıb. Aksiya iştirakçıları Sahil bağından uzaqlaşdırılır.
***
14.56
Fəvvarələr meydanında bir qrup gəncin etiraz aksiya keçirəcəyi gözlənilir. APA-nın məlumatına görə, aksiya ilə bağlı sosial şəbəkələrdə bir qrup gəncin müraciəti yayılıb. Aksiya İsmayıllı rayonlarında baş verən son hadisələrə etiraz məqsədi daşıyır. Aksiya Bakı şəhər icra hakimiyyəti ilə razılaşdırılmayıb. Polis artıq ərazini nəzarətə götürüb.
Bir neçə dəqiqə əvvəl aksiyanın təşkilatçıları sosial şəbəkələrdə aksiyanın keçiriləcəyi ərazinin dəyişdirildiyi barədə məlumat yayıblar. Onlar aksiyanın Sahil bağında keçiriləcəyini bildiriblər.
APA-nın hadisə yerində olan əməkdaşlarının verdiyi məlumata görə, polis Sahil Bağını da nəzarətə götürüb. Hələlik ərazidə hər hansı gərginlik, insanların qrup şəklində toplanması müşahidə olunmur.