Azərbaycanın təhlükəsizlik orqanları 94 yaşında
28 mart 2013 15:47 (UTC +04:00)

Azərbaycanın təhlükəsizlik orqanları 94 yaşında

Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin təmin olunmasında xüsusi yeri və rolu olan milli təhlükəsizlik orqanlarının yaranmasından 94 il ötür. Lent.az xəbər verir ki, peşə bayramı münasibətlə general-leytenant Eldar Mahmudov başda olmaqla Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti Fəxri Xiyabanda Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib. Sonra MTN əməkdaşları Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin xatirəsini yad ediblər, «Əbədi məşəl» abidəsinin önünə əklil qoyublar. Bayram mərasimi MTN Heydər Əliyev adına Akademiyasında davam etdirilib. Akademiyanın döyüş bayrağı təntənəli şəkildə sıra meydanına gətirilib. Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib.

 

 

Milli təhlükəsizlik naziri Eldar Mahmudov Heydər Əliyevin peşəkarlıq ənənələri əsasında müasir təlim-tədris prosesini həyata keçirən bu ali təhsil ocağının şəxsi heyətini, dinləyiciləri və kursantları Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 94-cü ildönümü münasibətilə təbrik edib, onlara ölkəmizin milli maraqlarının və təhlükəsizliyinin qorunması naminə xidmətdə, təhsildə, məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra kursantlar təntənəli marşla tribunanın önündən keçiblər. Tədbirin sonunda “Şöhrət” Muzeyində mükafatlandırma mərasimi keçirilib, xidməti fəaliyyətdə fərqlənən əməkdaşlara və kursantlara medallar, fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.

 

Təhlükəsizlik orqanlarının yaranmasının 94-cü ildönümü münasibətilə təntənəli mərasim MTN-in akt zalında daha geniş tərkibdə davam etdirilib. Nazir Eldar Mahmudov ötən müddət ərzində görülmüş işlər barədə məlumat verərək, preventiv tədbirlər sayəsində ölkəmizə və milli mənafelərimizə qarşı kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinin aşkarlanması və qabaqlanması istiqamətində səmərəli nəticələr əldə olunduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycan Respublikası, o cümlədən onun Silahlı Qüvvələri əleyhinə xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinə, habelə terrorçuluğa qarşı mübarizə daim diqqət mərkəzində saxlanılır. Ölkənin xarici siyasət kursunun uğurla həyata keçirilməsinə əlverişli şəraitin yaradılmasına yönəlmiş kəşfiyyat fəaliy­yəti­ nəticəsində rəqib və düşmən dövlətlərin plan və niyyətləri barədə vaxtında məlumatların əldə olunması mühüm əhəmiyyət kəsb edir.

Həyata keçirilən məqsədyönlü əks-kəşfiyyat və anti-terror tədbirləri nəticəsində dövlət təhlükəsizliyi zərərinə olaraq dövlətə xəyanətdə, terror aktına hazırlıqda, külli miqdarda qanunsuz odlu silah, döyüş sursatının əldə edilməsində və digər cinayətlərdə təqsirli bilinən 7 nəfərdən ibarət qrup ifşa edilib.

 

 

Digər əks-kəşfiyyat əməliyyatları nəticəsində, Azərbaycan Respublikasının suverenliyi və dövlət təhlükəsizliyi zərərinə olaraq casusluq etməklə dövlətə xəyanətdə, terrorçuluğa hazırlıqda, qanunsuz odlu silah əldə edilməsi və başqa ağır cinayətlərin törədilməsində təqsirli bilinən, xarici xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş 22 nəfərdən ibarət daha bir qrup zərərsiz­ləşdirilib.

 

 

Nazir Eldar Mahmudov Azərbaycanda ilk dəfə təşkil olunan «Avrovizion-2012» beynəlxalq mahnı müsabiqəsi ərəfəsində bəzi dairələrin və beynəlxalq terrorçu birləşmələrin təxribat-pozuculuq və terror niyyətlərinin qarşısının alındığını bildirib, paytaxtda və ölkənin müxtəlif bölgə­lə­rində həyata keçirilən xüsusi əməliyyatlar nəticəsində 58 nəfər radikal meylli təqsirli şəxsin istintaqa cəlb olunduğunu qeyd edib.

 

 

Azərbaycan Respublikasının konstitusiya quruluşu əleyhinə, xarici dövlətin maddi və ideoloji dəstəyi ilə din pərdəsi altında kütləvi iğtişaşlar təşkil etməyə, eləcə də təriqətlərarası düşmənçilik salmaqda cəhdə görə 12 nəfər məsuliyyətə cəlb olunub.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya, insan alveri və sair kimi mütəşəkkil cinayətkarlıq halları ilə mübarizə sahəsində də işlər uğurla davam etdirilib. Transmilli mütəşəkkil cinayətkar dəstələrdən və ayrı-ayrı şəxslərdən ümumilikdə 457 kiloqrama yaxın narkotik vasitə götürülüb. Cinayətkar dəstələrin birində narkotiklərlə yanaşı, müxtəlif çaplı odlu silah, döyüş sursatı və hərbi ləvazimat aşkarlanıb. Bu və digər faktlarla bağlı 38 cinayət işi başlanıb, ümumilikdə 116 nəfər yerli və xarici vətəndaş istintaqa cəlb olunub.

Qaçaqmalçılığa qarşı mübarizə tədbirləri çərçivəsində yerli və xarici vətəndaşlar tərəfindən gömrük nəzarətindən kənar Rusiya Federasiyası ərazisindən ölkəyə külli miqdarda tütün məmulatları, spirtli içkilər və balıq kürüsü, qaz silahları, pnevmatik tapançalar, elektroşokerlər və sair qanunsuz ləvazimat gətirilməsi faktları aşkarlanıb. Bununla yanaşı, respublikamızın mədəni və tarixi sərvəti sayılan, təxminən eramızdan əvvəl başlayaraq müxtəlif vaxtlarda Azərbaycan ərazisində mövcud olmuş qədim dövlətlərə aid gümüş və mis pulların qaçaq yolla ölkədən çıxarılmasının qarşısı alınıb.

2012-ci il ərzində nəzarətdənkənar beynəlxalq rabitə xidmətinin təşkili, kompüter sisteminə qanunsuz daxil olma, preparatların, qiymətli daş-qaşın xarici dövlətlərdən qaçaq yolla gətirilməsi halları müəyyənləşib. Bu faktlar, habelə dələduzluq yolu ilə ayrı-ayrı vətəndaşların vəsait­lə­rinin mənimsənilməsi faktları üzrə 11 cinayət işi başlanıb, 27 nəfər yerli və xarici vətəndaş istintaqa cəlb olunub.

 

Ötən dövr ərzində saxta bank əməliyyatlarının aparılması, saxta sənədlər əsasında hərbi xidmətdən möhlət alınması və eyni üsulla külli məbləğdə vəsaitin mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə faktları aşkarlanıb. Həmçinin, yüksək vəzifəli şəxslərin adından istifadə ilə tikinti sahəsində tenderlərin udulmasına vasitəçilik edilməsi, icazəsiz beynəlxalq rabitə xidmətinin təşkili ilə bağlı qanun­suz sahibkarlıq, ali təhsil haqqında və şəxsiyyəti təsdiq edən sənədlərin sax­ta­laş­­dırılması, saxta sənədlərlə kredit vəsait­lərinin əldə edilməsi, plastik bank kartlarının elektron məlumatlarının oğur­lanması halları müəyyənləşdirilib. Həmin faktlar, eləcə də respublikanın və MDB ölkələrinin ali təhsil müəssisələrinə tələbə qəbul etdirmək adları altında vətəndaşların aldadılması və sair cinayətlərlə bağlı Milli Təhlükəsizlik Nazirliyinin materialları əsasında ayrı-ayrı istintaq orqanlarında 26 cinayət işinin istintaqı aparılır.

Nazir Eldar Mahmudov bildirib ki, Azərbaycan Prezidentinin tövsiyələrinə uyğun olaraq, düşmənə qarşı informasiya mübarizəsi işi daha məqsədyönlü və müvafiq dövlət orqanları ilə əlaqəli şəkildə aparılır. Ermənistanı təcavüzkar və terrorçu dövlət kimi tanıtmaq, xüsusilə Xocalı soyqırımının dünyada tanınması üzrə digər dövlət orqanları və ictimai təşkilatlarla əlaqəli fəaliyyət ötən ildə uğurlu olub.

 

Ümumən, Ermənistan xətti, Ermənistan-Azərbaycan, Dağlıq Qara­bağ müna­qi­­şə­sinin həlli ilə əlaqədar ölkə rəhbərliyinin siyasi kursu üçün əlverişli şəraitin yaradılması bütün fəaliyyət istiqamətlərimiz üzrə prioritet təşkil edir. Bu yönümdə fəaliyyət eyni zamanda adiyyati qurumlar və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən əlaqəli və fəal surətdə aparılır.

Uğurların qazanılmasında sözsüz ki, hüquq mühafizə orqanları arasında səmərəli əməkdaşlıq münasibətləri də mühüm yer tutur. Həmçinin xarici tərəfdaşlarla da işgüzar əlaqələr müsbət inkişaf edir.

Azərbaycanın sürətlə inkişaf etdiyini, nüfuzunun artdığını, respublikanın bir çox mötəbər tədbirlərin, eləcə də mədəniyyətlərarası dialoq­ların keçirildiyi mərkəzə çevrildiyini bildirən nazir Eldar Mahmudov bütün bu nailiyyətlərin müəyyən pozucu qüvvələr və düşmən dairələr tərə­fin­dən qısqanclıqla qarşılandığını vurğulayıb. Son dövrlər bəzi xarici dairələr tərəfindən təhdidlərin artması, anti-Azərbaycan fəaliyyətə müxtəlif pozucu elementlərin cəlb edilməsi müşahidə olunur. Son hadisələr də bu məqamı təsdiqləyir. Bəzi dövlət­lə­rin xüsusi xidmət orqanları və dini ekstremist dairələr ölkəmizdə radikallaşmaya rəvac verməyə çalışırlar. Destruktiv qüvvələr tərəfindən sabitliyin pozulması, ölkənin imicinə xələl gətirilməsi üçün səylər göstərilir. İctimaiyyətə məlumat verildiyi kimi, Milli Təhlükəsizlik Nazirliyinin və Baş Prokurorluğun birgə tədbirləri nəticəsində bir qrup şəxs saxlanılıb, onların yaşadıqları ünvanlardan icazəsiz mitinqlərdə istifadə üçün butulkalarda “Molotov kokteyli” adlanan maye aşkarlanıb. Qeyd olunmalıdır ki, anti-Azərbaycan dairələr öz fəaliyyətlərini ölkəmiz üçün həssas sayılan dövrlərdə xüsusilə genişləndirməyə çalışır. Təhlükəsizlik və sabitlik həm normal yaşayış və fəaliyyət, həm də dövlətin inkişafı və nüfuzu üçün mühüm şərtlərdir. Ona görə də adiyyati hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə təmin olunması ümdə məsələlərdəndir.

 

Nazir Eldar Mahmudov deyib ki, bu il Heydər Əliyevin 90 illiyi böyük təntənə ilə qeyd ediləcək. Bu il həm də Milli Təhlü­kə­siz­lik Nazirliyinin Heydər Əliyev adına Akademi­ya­­sının yaradılmasının 15-ci ildönümü tamam olur. Ulu öndərin sərəncamı ilə fəaliyyətə başlayan Akademiya gələcək əməkdaşlarımızın yüksək bilik əldə etdikləri müasir təhsil ocağına çevrilib.

 

 

Sonra təbrik sözü ilə çıxış edən Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dövlət başçısının şəxsi heyətə təbriklərini çatdırıb, dövlətçiliyin, milli maraqların qorunmasında və təhlükəsizliyin təmin olunmasında Milli Təhlükəsizlik Nazirliyinin rolunun yüksək qiymətləndirildiyini vurğulayıb. Yığıncaqda Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusif-zadə çıxış edərək demişdir ki, müasir dünyanın ən inkişaf etmiş xüsusi xidmət orqanlarının bərabər səviyyəli və etibarlı tərəfdaşına çevrilmiş Milli Təhlükəsizlik Nazirliyi müasir maddi-texniki bazaya, bacarıqlı və peşəkar kadrlara malikdir.

 

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə mərasim iştirakçıları adından müraciət qəbul olunub.

Mərasimdə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi və təltif olunmaları barədə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 mart tarixli sərəncamları elan olunub.

Xidmətdə fərqlənmiş əməkdaşların mükafatlandırılması barədə milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun əmrləri elan olunub, təhlükəsizlik orqanlarının veteranlarına qiymətli hədiyyələr təqdim edilib.

Tədbirin sonunda sənədli film nümayiş olunmuşdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1563
avatar

Oxşar yazılar