Son illər Respublikamızda demokratik dövlət quruculuğu prosesi uğurla həyata keçirilmiş, iqtisadi, siyasi və sosial sahədə islahatlar paralel şəkildə aparılmışdır. Bunun nəticəsidir ki, Azərbaycan inkişaf etmiş vətəndaş cəmiyyətinin və möhkəm demokratiyanın bərqərar olduğu dövlət istiqamətində durmadan irəliləyir. 26 sentyabr tarixinə təyin olunmuş ümumxalq səsverməsini (referendumu) bu yolda atılan əsas amil kimi qiymətləndirmək olar. Şübhəsiz, demək mümkündür ki, bu referendumla Azərbaycan hüquqi dövlət quruculuğunun yeni mərhələsinə daxil olacaqdır.
2016-cı il iyulun 18-də Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi haqqında" Referendum Aktının layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilmişdir. İyulun 25-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilmiş və "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktının layihəsinə müsbət rəy verilmişdir. 26 iyul tarixində Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi keçirilməsi haqqında sərəncam imzaladı. Sərəncama əsasən referendum 2016-cı il sentyabrın 26-na təyin edildi.
Konstitusiyaya təklif olunan dəyişikliklərin başlıca hədəfi dövlət idarəetmə sistemini daha da təkmilləşdirmək, mərkəzi icra hakimiyyətinin səmərəli fəaliyyətini təmin etmək, iqtisadi sahədə islahatlar kursuna uyğun yeni çevik və effektiv idarəetmə mexanizmini formalaşdırmaqdır. Referendum müasir inkişaf mərhələsinə qədəm qoymuş dövlətimizin yeni siyasi, iqtisadi, sosial, hüquqi gerçəkliklərlə tam uyğunlaşdırılmasıni nümayiş etdirir. Referendum aktı layihəsinin əhəmiyyətli hissəsi vətəndaşların hüquq və azadlıqlarının effektiv təminatına yönəlmişdir. Belə ki, dəyişikliklərə əsasən, Konstitusiyanın "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" fəslində "insan ləyaqətinin qorunması və ona hörmət edilməsi" insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsiplərindən biri kimi müəyyən edilir. Beləliklə, insan ləyaqəti konstitusion müstəvidə yüksək hüquqi dəyər əldə edir.
Təklif olunan dəyişikliklərə əsasən, Azərbaycanın siyasi tarixində ilk dəfədir ki, dövlət idarəetmə sistemində yeni institusional çərçivə formalaşacaqdır. Belə ki, Azərbaycan Respublikasının vitse-prezidentləri vəzifələrinin təsis edilməsinə dair Konstitusiyaya təklif edilən dəyişiklik prezidentin fəaliyyətinə hərtərəfli dəstəyin göstərilməsi, zərurət yarandığı halda prezidentin səlahiyyətlərinin səmərəli şəkildə yerinə yetirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Referendum aktı layihəsi ilə təklif edilən dəyişikliklər hüquqi dövlət quruculuğu, sosial rifahın yaxşılaşdırılması, dövlət idarəetmə orqanlarında qərarların operativ qəbulu, habelə dövlət-vətəndaş, bələdiyyə-vətəndaş münasibətlərinin daha əlverişli formatda təşkili, vətəndaşlarımıza layiqli həyat səviyyəsinin təmin edilməsinə zəmin yaradacaqdır. Azərbaycan həm tam müstəqil demokratik bir dövlət olaraq özünü təsdiqləyəcək, həm də xalqımız tam demokratik-hüquqi, ümumbəşəri dəyərlərin əsasında qurulan bir cəmiyyət olaraq möhkəmlənəcəkdir. Milli inkişaf, demokratik dəyərlər naminə qarşıdan gələn referendumda iştirak etmək, təklif olunan əlavə və dəyişiklikləri dəstəkləmək hər birimizin vətəndaşlıq borcudur.
İnkişafa, Sabitliyə, Parlaq Gələcəyə HƏ deyək!
Nailə Məmmədova
“Azerbaijan Realities”