Yanvarın 23-də Davosda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşü olub. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycanla Türkiyə arasında münasibətlərin bütün sahələrdə inkişafından məmnunluq ifadə edilib. Nazir Türkiyə Prezidenti Abdullah Gülün, Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycan prezidenti İlham Əliyevə çatdırıb.
Ölkələrimiz arasında həyata keçirilən bir sıra qlobal layihələrin, o cümlədən Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin əhəmiyyəti qeyd edilib. Azərbaycan-Türkiyə əməkdaşlığının bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və digər məsələlər müzakirə edilib.
Azərbaycan prezidenti İlham Əliyev onun da salamlarını Türkiyə Prezidenti Abdullah Gülə və Baş nazir Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.