Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Rafael Harpazla Şuranın ofisində görüşüb.
Səfir R.Harpaz Azərbaycan-İsrail əlaqələrinin həmişə səmimi dostluq və qarşılıqlı anlaşma münasibətləri səviyyəsində qurulması haqda danışıb və ölkəsinin analoji qurumlarının ictimai fəaliyyətlə bağlı bir sıra sahələrdə Şura ilə əməkdaşlıq etmək niyyətlərini açıqlayıb.
A.Quliyev Azərbaycanda QHT sektorunun sürətli inkişafını və rəhbərlik etdiyi qurum vasitəsilə dövlətin vətəndaş cəmiyyəti institutlarını dəstəklədiyini qeyd edib. Şuranın yardımı ilə hər il yüzlərlə QHT layihəsinin həyata keçirildiyini vurğulayan A.Quliyev Azərbaycan QHT-lərinin beynəlxalq əlaqələrinin genişləndiyini və bu sahədə bir sıra ölkələrlə əməkdaşlığın konkret nəticələr verdiyini bildirib.
Şura sədri A.Quliyev və səfir R.Harpaz gələcək əməkdaşlığın forma və istiqamətlərilə bağlı geniş fikir mübadiləsi ediblər.