Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun deputat oğlu Aydın Abbasov mandatını təhvil vermək istəyir. O, bu qərarını parlament rəhbərliyinə çatdırıb”. Bu sensasion məlumatı “Yeni Müsavat”a verən mənbə deyib ki, Aydın Abbasov hakimiyyətin atasına qarşı tövründən narazıdır və hesab edir ki, dövlət qarşısında xidmətləri olan adama bu cür münasibət həm də ona olan münasibətdir: “Aydın Abbasov atasının Bakıya gəlməsinə qoyulan qeyri-rəsmi qadağadan ciddi narazılığını parlament rəhbərliyi vasitəsilə yuxarılara çatdırıb. O, atasının hakimiyyətə sədaqətli olduğu, yalnız bəzi adamların prezidentə qəsdən yalan məlumat verməsi səbəbindən münasibətlərin korlandığı qənaətindədir. Ona görə də bu münasibəti qəbul edə bilmir və mandatını təhvil verəcəyini deyib”.
Qəzetin qaynaqları iddia edirlər ki, Aydın Abbasov bir müddətdir ki, səhhətində olan problemlərlə bağlı müalicəyə gedibmiş. Xəbərlər o istiqamətdədir ki, Aydın Abbasov mandatdan imtinasını “səhhətində yaranmış problemlə” əlaqələndirə bilər.
Millət vəkili Aydın Abbasov isə AzNews.az-a açıqlamasında deputat mandatını təhvil verməyə hazırlaşması ilə bağlı xəbərləri təkzib edib.
Məlumatı gülərək qarşılayan deputat deyib ki, səhhətində heç bir problem yoxdur, çox sağlamdır. O bildirib ki, bu cür yazılar qərəzli məlumatlardır və bu səbəbdən də belə yazılara münasibət bildirməyi lüzumsuz hesab edir: “Belə bir şey yoxdur. Mandatımı təhvil verməyə, bir yerə getməyə hazırlaşmıram. Mən gözləyirəm, inşallah, prezident seçkiləri arxada qalsın, cənab prezidentin qələbəsi təmin olunsun, biz maraqlanıb, soruşarıq görək, bu yazıları kimlər yazdırır, kimlər sifariş verdirir, ümumiyyətlə, belə yazılar nəyə lazımdır?!” Aydın Abbasov özü haqqında mətbuatda bu cür yazıların davamlı dərc olunduğunu və bunlara əhəmiyyət vermədiyini qeyd edib.