Müraciətlərin sayına görə MDB ölkələri arasında Rusiya, Gürcüstan və Ermənistan liderdir
Azərbaycan Avropada sığınacaq almaq üçün müraciət edən vətəndaşların sayına görə dünyada 34 yeri tutur. 2011-ci illə müqayisədə 2012-ci ildə Avropa ölkələrində sığınacaq almaq üçün müraciət edən Azərbaycan vətəndaşlarının sayı 2299-dan 2015-ə enib (12%).
APA-nın məlumatına görə, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının yeni hesabatında bildirilir. Sığınacaq üçün müraciət edənlərin sayına görə MDB məkanında Rusiya (20 522 müraciət, 4-cü yer), Gürcüstan (10611 müraciət, 10-cu yer) və Ermənistan (4450 müraciət, 22-ci yer) liderlik edir.
Birinci yerdə isə Əfqanıstandır. Bu ölkənin 36 600 vətəndaşı inkişaf etmiş ölkədə sığınacaq almaq üçün müraciət edib. İkinci yerdə Suriya gəlir.
Ümumilikdə 2012-ci ildə Avropanın 38 ölkəsində sığınacaq almaq üçün 355 500 nəfər müraciət edib. Sığınacaq üçün müraciət olunan əsas ölkələr Almaniya, Fransa və İsveçdir. Dünya üzrə sığınacaq almaq üçün ən çox müraciət olunan ölkə isə ABŞ-dır - 83 400 müraciət.